Əgər Qərb Kremlə qarşı effektiv müqavimət oxu yarada bilməsə, Kiyevin müharibənin gedişatında idarəetməni itirəcəyi qaçılmaz olacaq
“Vaşinqtonun başı prezident seçkilərinə qarışdığından Rusiya Ukraynaya dair “sülh konsepsiyası”nı daha da sərtləşdirəcək”
NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti alyans müttəfiqlərini Rusiya ilə potensial toqquşmaya hazırlamaq məqsədi daşıyır. Bunu Rusiya Xarici İşlər Nazirliyi bəyan edib. XİN-dən bildirilib ki, sübutlardan biri olaraq Rumıniya aviabazasının genişləndirilməsini göstərmək olar. Bundan əlavə, nazirlik əlavə edib ki, Polşa və Baltikyanı ölkələrdə də “koalisiya potensialının sürətləndirilmiş gücləndirilməsi” baş verir. “Faynenşl Tayms”da yayımlanan materialda bildirilib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin mərmi, canlı qüvvə və müdafiə xəttinin zəif olması səbəbindən cəbhədəki üstünlüyü ələ keçirib: “Rusiya hərbçiləri Kiyevə Qərb silah-sursatının və artilleriya tədarükünün azalmasından istifadə edib, bu fonda kiçik və davamlı uğurlar əldə edir. Ukraynanın etibarlı, çoxqatlı müdafiə xətlərinin olmaması da Rusiya ordusunun 1000 kilometrlik cəbhə xətti boyunca inamla irəliləyərək daha kiçik əraziləri ələ keçirə bilməsinə səbəb oldu”. Rusiya Prezidenti Vladimir Putin isə deyib ki, Ukraynada dövlət çevrilişi olmasaydı, heç vaxt Rusiya xüsusi əməliyyat başlatmazdı: “Bizim heç bir aqressiv niyyətimiz yoxdur. Ukraynada dövlət çevrilişi və Donbasda hərbi əməliyyatlar olmasaydı, biz heç vaxt heç nə etməzdik”.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya Ukrayna ərazilərini ardıcıl və güclü raket zərbələrinə məruz qoyur. Ukrayna isə sərhəd bölgələrdə yerləşən Rusiyanın infrastrukturunu hədəfə alır. Ekspertin fikrincə, əvvəllər Rusiya Ukraynada apardığı hərbi kampaniyanı “xüsusi əməliyyat” adı ilə rəsmiləşdirirdisə, bu gün vəziyyət dəyişir:
"Ukrayna ərazi itkilərinə baxmayaraq, xeyli çətinliklə, o cümlədən suverenliyini itirmək təhlükəsi ilə üzləşsə də, ilhaq olunmuş Krıma və Rusiya ərazilərinə hücumlar həyata keçirir. Bütün bunlar Kremlin Moskvadakı terakta görə Kiyevi ittiham edən ritorikası fonunda açıq müharibə motivinə keçməsi kimi mənalandırıla bilər. Terror hadisəsi Moskvaya belə narrativ verir. Rusiya qoşunlarının Ukraynadakı taktiki qazanclarına yeniləri əlavə edilir və proses davam etsə, Moskva elə “xüsusi əməliyyat” rejimini təbliğ edəcək. Rusiya ordusunun son taktiki uğurları Avdeyevka və Donetsk şəhərləri yaxınlığında və Zaporojye vilayətinin qərbində qeydə alınıb. Üstəgəl, Rusiya qüvvələri Donetsk vilayətinin Çasov Yar şəhərinin kənarına yaxınlaşır. Çasov Yar ələ keçirilsə, bu, Rusiya qüvvələrinə əməliyyat faydaları verəcək".
Analitik vurğulayıb ki, Ukraynaya Qərbin gecikdirdiyi yardımlar fonunda Rusiyanın “Starlink” cihazlarından istifadə etməsi Kreml üçün əlavə fürsətlərə çevrilir:
"Bir sözlə, Ukrayna ipdən asılı vəziyyətdə qalmaqdadır. Əgər Qərb Kremlə qarşı effektiv müqavimət oxu yarada bilməsə, Kiyevin müharibənin gedişatında idarəetməni itirəcəyi qaçılmaz olacaq. Müharibədə Rusiyanın üstünlüyünə qalib gəlməyin mümkün olmadığı anlayışı daha çox Kremlin təbliğatıdır. Yəni Qərb səmərəli şəkildə Ukraynaya hərbi yardımlar etsə, Rusiyaya qarşı effektiv geosiyasi mənzərə görünə bilər. Moskvanın illərlə müharibə aparıb Ukraynanı tam taqətdən salmaq üçün resurslarının olduğu ciddi nəzərə alınmalıdır.
Kremlin əsas səyi ABŞ başda olmaqla, NATO sisteminə öz ambisiyalarını qəbul etdirməkdir. Mümkündür ki, Qərb strateji qələbəsini təmin etmək üçün Rusiyanın Ukraynanın daha da dərinliyinə irəliləməsinə şərait yaradır. Görünən proses budur ki, Qərb Ukraynanın özünü müdafiə etmək vasitələrindən məhrum olması həddinə çatmasını həzmə verir. Bu həzmi asanlaşdıran ABŞ-də keçiriləcək prezident seçkisidir. Yəni Vaşinqtonun başı qarışdığından Rusiya da Ukraynaya dair “sülh konsepsiyası”nı sərtləşdirəcək".