Prezident Ərdoğandan Türkiyə ermənilərinə mesaj 

"Tarixdə baş verənlər vicdan və elmin rəhbərliyi ilə idarə olunmalıdır"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin Patriarxı Saak Maşalyana 1915-ci il hadisələri ilə bağlı mesaj göndərib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan mesajında “Bu gün Birinci Dünya Müharibəsinin ağır şərtlərində həyatını itirən Osmanlı İmperiyasının erməni vətəndaşlarının xatirəsini bir daha hörmətlə yad edir, nəvələrinə başsağlığı verirəm. Münaqişələr, iğtişaşlar, dəstə hərəkətləri və terror aktları nəticəsində həlak olan və şəhid olan Osmanlı cəmiyyətinin bütün üzvlərinə Allahdan rəhmət diləyirəm”- deyə vurğulayıb.

Birinci Dünya Müharibəsinin Osmanlı torpaqlarında törətdiyi dağıntıların yaddaşlarda dərin izlər qoyduğunu ifadə edən prezident Ərdoğan bunları deyib: “Əcdadlarımızdan bizə miras qalan sülh və əmin-amanlıq mühitinin davam etdirilməsi yalnız birgə səylərimizlə mümkündür. Anadolu torpaqlarını istehsal etdikləri mədəni və insani əsərlərlə zənginləşdirən erməni vətəndaşlarımızın təhlükəsizliyi, firavanlığı və xoşbəxtliyi bu gün də təmin edilir”. 

Erməni vətəndaşlarının təcrid olunmasına, ikinci dərəcəli hiss etmələrinə imkan verməyəcəklərini vurğulayan prezident Ərdoğan qeyd edib:

 “Tarixdə baş verən hadisələri ağıl, vicdan və elmin rəhbərliyi altında ələ almağımız vacibdir. Radikal diskusiyalara, marginallaşmaya və nifrət dilinə yol vermədən. Milli yaddaşımıza həkk olunmuş hadisələri bir-birindən ayırmadan empatiya qurmaq həm də nifrət toxumlarının kök atmasının qarşısını alacaq. İnanırıq ki, gələcək nəsilləri dünyanı əhatə edən zorakılıq və müharibə torlarından qorumağın yolu, ümumi ağrılarımızdan çıxaracağımız dərslər işığında gələcəyimizi birlikdə qurmaqdan keçir. Bu fikirlərlə mən bir daha erməni icmasının üzvlərini ən səmimi hisslərimlə salamlayıram”.