Cərrah ata və oğul

Evdə də ona “doktor”, “hocam” deyə müraciət edir

  Türkiyənin İzmir şəhərində yaşayan beyin və sinir cərrahı İsmayıl Ertan Sevin əməliyyatları oğlu İbrahimin assistenliyi ilə icra edir. “Sherg.az” Türkiyə mediasına istinadən bildirir ki, İbrahim Eralp atasının ixtisası – beyin və sinir cərrahlığı üzrə mütəxəssis ali dərəcəsi təhsili alır. Təcrübəni isə cərrah atasının iştirakı ilə keçir. Ata və oğul əməliyyatlara birgə girir və birlikdə çalışırlar. Doktor İsmayıl Ertan İzmir Katib Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasında beyin və sinir cərrahlığı kafedrasının müəllimidir. Oğlu İsmayıl da atasını örnək alaraq bu ixtisası seçib. İmtahanlarını uğurla verərək atasının çalışdığı xəstəxanada assistent işləmək hüququ qazanıb. Ata və oğul günə ailə içində, bir mənzildə başlayır, xəstəxanada vəzifələrini birgə davam etdirirlər. İsmayıl Ertan  AA müxbirinə açıqlamasında oğlunun beyin və sinir cərrahı ixtisasını seçməsindən qürur duyduğunu, imtahanlarda qazandığı nailiyyətlə də məhz onun çalışdığı xəstəxanaya təyinat almasından çox xoşbəxt olduğunu, birlikdə yeni iş həyatına başladıqlarını deyib. Cərrah ata deyib ki, bütün yardımçı həkimləri öz övladı hesab edir: “Oğlum mənim üçün ilk növbədə asistentdir. Evdə oğlumdur. Xəstəxanada isə onun kimi övladlarım çoxdur. Bəlkə özü də bəzən çaşır, mənə “ata”, deyə müraciət etmək istəyir, amma bilir ki bu, olmaz. Mənə “doktor” deyə müraciət etməlidir. Mənim üçün də asan deyil. Amma buna məcburuq. O qədər vərdiş etmişik ki, bu duruma, evdə də biri-birimizə kolleqa kimi müraciət edirik”. İsmayıl doktorun həyat yoldaşı da Ege Universiteti Eczacılık Fakultəsinin Farmakoloji kafedrasında professordur. O da ata ilə oğulu xəstəxanada iş vaxtı kolleqa kimi davranmalarıyla bağlı xəbərdar edib: “Kimsə düşünməsin ki, tərəf tuturuq, ailə üzvümüzə güzəştə gedirik. Hamı necə, oğlumuz da eləcə, nizam-intizama, qayda-qanuna, etik qaydalara riayət etməlidir”.  Asistent oğul da atası haqqında “xəstəxanada heç vaxt ona “ata”, deyə müraciət etmirəm. Bilirəm ki, bu, doğru deyil. Bu, əlbəttə, qarışıq hisslər yaradır. Hisslərimi idarə etməyə çalışıram. Atamı bədgüman altında qoymaq istəmərəm. İş o yerə çatıb ki, evdə də ona “doktor”, “hocam” deyə müraciət edirəm”, deyib.