Vaşinqtondan BCM-ə təhdid: ABŞ-nin hadisələrə olan reaksiyası doğru deyil -ŞƏRH

ABŞ Konqresinin nümayəndələri Beynəlxalq Cinayət Məhkəməsinə xəbərdarlıq ediblər. Nümayəndələr İsrailin yüksək rütbəli məmurları üçün mümkün həbs orderlərinin verilməsinin ABŞ-nin cavab tədbirləri ilə qarşılanacağını bildirib. 

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydendən BCM-nin order verməsinin qarşısını almağı xahiş edib. Bazar ertəsi Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, ABŞ-ın İsrailə qarşı məhkəmə istintaqını dəstəkləmədiyini söyləmişdi.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "Sherg.az"a açıqlaması zamanı bildirib ki, BCM ABŞ-nin istəklərinə görə qərar versə, öz şəffaflığına böyük zərbə vurmuş olacaq:
"BCM-nin yurisdiksiyasına daxil olan 4 cinayətdən (soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri) birinin belə İsrailin yüksək rütbəli məmurlarının işləməsi ilə bağlı sübutlar varsa, həmin halda ədalətli qərarın çıxarılması zəruridir. Çünki burada söhbət dövlətlərdən yox şəxslərdən gedir. Düşünürəm ki, bu səbəbdən ABŞ-nin hadisələrə olan reaksiyası doğru deyil".

Analitik əlavə edib ki, keçmişdə Ermənistan Azərbaycana qarşı belə cinayətlər törətsə də, bu günə qədər BCM bu hadisələrlə bağlı real addımlar atmayıb:
"Düzdür, onlar bunu BCM-nin o zamanlar daimi fəaliyyət göstərməməsi, Ermənistanın Roma Statutunu yenicə təsdiq etməsi ilə əsalandırırdı. Çünki BCM ona qoşulan dövlətlərin  həmin andan sonrakı baş verən proseslərə aid məsuliyyət tədbirlərini müəyyənləşdirir. Amma BCM bu mövzuda gələcəkdə digər regionlarda belə halların qarşısını almaq üçün ədalətli mövqe nümayiş etdirməli idi".