BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib

BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasının Fələstinin BMT-yə üzvlüyünü yenidən nəzərdən keçirməsi və dəstəkləməsi üçün qətnamə qəbul edib.

APA xəbər verir ki, bir neçə dəqiqə əvvəl keçirilmiş səsvermədə 143 ölkə qətnaməni dəstəkləyib, 9 ölkə əleyhinə səs verib, 25 ölkə isə bitərəf qalıb.

Azərbaycan qətnamənin lehinə səs verib.

Qətnamə Fələstinə BMT-nin tamhüquqlu üzvü statusu vermir, lakin onun üzv olmaq hüququna malik olduğunu tanıyır.

Baş Assambleyanın qətnaməsində “müəyyən edilib ki, Fələstin dövləti üzvlüyə qəbul edilməlidir” və assambleya “Təhlükəsizlik Şurasına məsələni lehinə nəzərdən keçirməsini tövsiyə edir”.

Qeyd edək ki, BMT Baş Assambleyası Fələstinə üzvlük təqdim etmək hüququna malik deyil. Lakin qətnamə layihəsi 2024-cü ilin sentyabrından etibarən fələstinlilərə assambleya zalında BMT-nin tamhüquqlu üzvləri arasında yerlər verilməsi də daxil olmaqla əlavə hüquq və imtiyazlar təqdim edəcək. Bununla belə, Fələstinin səs vermək hüququ olmayacaq.