Fuad Abbasov: Rusiyanın baş örtüsü qadağası Türkiyənin etirazı ilə nəticələnəcək

Rusiya baş örtüsünü qadağan edir?

Moskvanın müftisi və Moskva kafedral məscidinin baş imamı İldar Alyautdinov deyib ki, Rusiyada niqab qadağası cəmiyyətdə gərginliyin artmasına səbəb olacaq:

“Niqab taxmaq məsələsinin özü mübahisəli olaraq qalır. Ruhani İdarəsinin Üləmalar Şurası bunu hakimiyyətlə müzakirə etməyə hazırdır. Müsəlman Ruhani İdarəsi müasir dünyəvi dövlətdə niqab taxmağın tərəfdarı deyil. Lakin islam ölkələri bu baş geyimini “geyim hüququnun pozulması” kimi öz dinlərinə qarşı repressiya şəklində qiymətləndirə bilər”.

Qeyd edək ki, Rusiya İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev də qadınlar üçün ənənəvi qapalı baş geyimlərinin mümkün qadağasına etirazını bildirib:

“Bu cəhdlər Rusiya vətəndaşlarına sərbəst dini etiqad hüququnun və din qanunlarına riayət etməyi təmin edən dünyəvi hüquq normalarının, eləcə də Konstitusiyanın pozulmasının açıq bir aktı kimi görünəcəkdir. Belə bir qadağanın tətbiqi Rusiyanın Yaxın Şərq ölkələri ilə münasibətlərinin yaxşılaşmasına mənfi təsir göstərəcək”.

Tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov "Sherg.az"a bildirib ki, Rusiyada 20 milyondan çox müsəlman yaşadığını nəzərə almalıyıq:

"Rusiya yalnız ruslar və xristianların yox, türk kökənli olan milyonlarla müsəlmanın da evidir. Rusiyada qadınların baş örtüsünün qadağan edilməsi ilk olaraq hazırda Rusiya ilə yaxşı münasibətlərə sahib olan Türkiyənin etirazı ilə qarşılanacaq. Çünki Türkiyə dünyada müsəlmanların haqqını qoruyan nadir ölkələrdəndir. Rusiyanın bu addımı təkcə Rusiya-Türkiyə yox, bütün müsəlman ölkələri ilə münasibətlərinə zərər verə bilər. Bu səbəbdən Rusiya həm Türkiyə, həm də müsəlman ölkələri ilə münasibətlərini korlayacaq addım atmayacaq".