Von der Leyenin partiyası Avropa Parlamentində yer itirib

Avropa Parlamentinə 6-9 iyun tarixlərində keçirilən seçkinin nəticəsi məlum olub.

APA-nın qurumun saytına istinadən xəbərinə görə, Avropa Komissiyasının hazırki rəhbəri Ursula von der Leyeni dəstəkləyən Avropa Xalq Partiyası 7 yer itirərək yeni parlamentdə 184 kürsüyə sahib olub.

Buna baxmayaraq, partiya bu dəfə də liderliyini qoruyub. İkinci yerdə isə “Sosialist və Demokratların Proqressiv Alyansı” qərarlaşıb. Onların təmsilçiləri 139 kürsüdə əyləşəcək.

“Avropanın Yenilənməsi”, eləcə də sağçı “Avropa Mühafizəkarları və İslahatçıları” Partiyası isə qanunverici orqanda müvafiq olaraq 80 və 73 deputatla təmsil olunacaq. “İrs və Demokratiya” partiyası 58, “Yaşıllar” isə 52 yerlə yeni parlamentin tərkibində yer alacaq.

Qeyd edək ki, Avropa Parlamentində mandatın sayı ümumilikdə 720-dir.