İrəvan Fransaya hərbi heyət göndərilməsi təklifi ilə müraciət edib.
Bu barədə “Ermənistan müşahidəçisi” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi Fransanın İrəvandakı səfirliyi vasitəsilə Fransa hökumətinə “təcrübənin ötürülməsi və Fransa tərəfindən təchiz edilmiş silahlara texniki xidmətin təşkili” məqsədilə Ermənistan ərazisində yerləşdirilmək üçün məhdud qoşun kontingentinin hazırlanması barədə rəsmi təkliflə müraciət edib.
Fransa hərbi bazasının Ermənistan ərazisində yerləşəcəyi yer hələ müəyyən edilməyib.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, zaman-zaman Erməmistanda Qərb dövlətlərinə hərbi qüvvələri göndərməklə bağlı çağırışlar edilir:
“Hazırda Ermənistanda geosiyasi tok-şoularda da bununla bağlı ismarıclar var. İndi də Ermənistan tərəfindən Fransaya müraciət olunması ilə bağlı xəbər yayılıb. Ermənistan Rusiya hərbi kontingentinin yerini hansısa Qərb dövlətinin ordusu ilə doldurmaq istəyir. Bu yöndə də özlərinə ən yaxın ölkə Fransanı nəzərdə tuturlar. Amma Rusiyanın sözügedən məsələyə icazə verəcəyini düşünmürəm. Ermənistan hakimiyyəti nə qədər Qərb meyilli olsa da, onun ordusu Qərb meyilli deyil. Ermənistan ordusunda yuxarı təbəqədə əyləşən ali zabit korpusu Robert Köçəryan və Serj Sarkisyanın dövründə formalaşan şəxslərdir. Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. 6 il ərzində isə yeni hərbi elita formalaşdırmaq mümkün deyil. Köçəryan və Sarkisyan Rusiyaya bağlı şəxslərdir. Ona görə də Ermənistana Qərbdən hərbi qüvvələr gəlsə, ölkə daxilində ciddi problemlər yaşanacaq. Hazırda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istəməsi, Rusiya qoşunlarının Ermənistanda sıxışdırılması və çıxarılması ilə bağlı proseslər onsuz da narazılıq doğurur. Əgər Fransa qoşunları Ermənistana göndərilərsə, bu Paşinyan hakimiyyəti üçün də böyük çətinlik yaradacaq. Ermənistan ordusu daxilində Paşinyan hakimiyyətinə qarşı müəyyən təxribatlar keçirilə bilər. Ona görə də Fransa ordusunun Ermənistana getməsi həm İrəvan, həm də Qərb üçün risqlidir”.