Tehranda səfərdə olan Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri ilə Qafqaz regionundakı son prosesləri müzakirə edib.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qafqaz regionunda baş verən son hadisələri müzakirə etmək üçün Tehrana səfər edən Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev bazar günü İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə görüşüb”, – mətbuat xidməti bildirib.
Qeyd olunub ki, görüş zamanı “Baqeri mühüm regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqelərinin uyğunluğunu qeyd edərək Qafqaz regionunu hər iki ölkə üçün milli maraq və təhlükəsizlik sahəsi kimi qeyd edib və bu sahədə ikitərəfli əməkdaşlığın zəruriliyini vurğulayıb”:
“İranın xarici işlər naziri vəzifəsinin icraçısı İran İslam Respublikasının regional məsələlərin sülh yolu ilə həlli ilə bağlı prinsipial mövqeyini vurğulayaraq bildirib ki, Qafqaz regionunda baş verən hazırkı proseslərin, xüsusilə xarici müdaxilələrin artmasının əhəmiyyəti və həssaslığı İran və Rusiya rəsmiləri arasında strateji koordinasiya və davamlı məsləhətləşmələri zəruri edir.
Bu baxımdan o, regional məsələlərin həlli, regional əməkdaşlığın və yaxınlaşmanın genişləndirilməsi, Qafqaz regionunda ölkələrin təhlükəsizliyi, sabitliyi və kollektiv maraqlarının təmin edilməsi üçün 3+3 strukturu kimi regional mexanizmlərdən maksimum istifadənin vacibliyini vurğulayıb”.
Məlumata görə, Xovayev Rusiyanın “Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində diplomatik səyləri barədə məruzə edib”.
“O, Rusiyanın Qafqaz regionunda baş verən proseslərlə bağlı hər iki ölkənin birgə və strateji qiymətləndirilməsinin zəruriliyinə, regiona xarici aktorların müdaxiləsinə qarşı durmaq üçün iki ölkənin rəsmiləri arasında sıx və davamlı qarşılıqlı fəaliyyət və koordinasiyaya ehtiyac olduğuna dair mövqeyini vurğulayıb”.
İki ölkə arasında danışıqları “Sherg.az”a dəyərləndirən Orta Doğu Araşdırmalar Mərzənin sədri, politoloq Sədrəddin Soltan söyləyib ki, həm Rusiya, həm də İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində bir sıra məqamlarda oyundan kənar vəziyyətdə qalıblar:
“Azərbaycan ilə Ermənistanın münasibətlərini birbaşa vasitəçisiz yaxşılaşdırması Rusiya və İranın proseslərə müdaxiləsinin qarşısını alır. Yəni Cənubi Qafqazda İranın siyasi girişinin azalmasına və Rusiyanın təsirinin zəifləməsinə səbəb olur. Ona görə də İran və Rusiya perspektivdə Ermənistana birgə təsir etmək imkanlarını müzakirə edirlər. Ermənistan Rusiyanın nəzarətindən çıxıb, Qərblə müttəfiqlik etmək istəyir. Belə olan halda İranın Rusiya ilə mövqeyini uzlaşdırması vacib şərtlərdəndir. Əks halda Rusiyanın təzyiqlərini zəiflətmək üçün Ermənistan İrandan alternativ vasitə kimi istifadə edə bilər. Çox güman ki, Rusiya İrandan Ermənistana dəstəyini azaltmağı və alternativ variant olmamağı istəyəcək”.
Analitik vurğulayıb ki, digər tərəfdən isə son zamanlar İrəvanın Vaşinqton ilə birgə əməkdaşlıq və strateji müttəfiqliyə doğru fəaliyyət göstərmələri Amerikanın İrəvanda mövqeyini gücləndirməsinə səbəb ola bilər:
“Bu isə İran və Rusiyanın xarici siyasət baxımından maraqlarına ziddir. Ona görə Rusiya və İran Ermənistanın Qərb istiqamətində həyata keçirdiyi siyasəti bloklamaq yollarını axtarırlar. Sözügedən müzakirələrin regionda sülh prosesinə deyil, Tehran və Moskvanın öz maraqlarına xeyri olacaq. Çünki regionda maraqlarını artırmaq üçün Ermənistana istənilən formada müdaxilə nəticə etibarilə Cənubi Qafqazda təhlükəsizləyə təhdiddir”.