Qərb heç vaxt real addım atmayıb -RƏY

Gürcüstanın nə vaxtsa Avropa Birliyinə üzv olmaq şansı yoxdur

“Gürcüstan üçün qonşu dövlətlərlə münasibətlərini yüksək səviyyəyə çatdırmaq xəyalı AB üzvlüyündən daha məntiqli və faydalıdır”



  Qərbin Cənubi Qafqaz siyasəti artıq iflasa uğramaq üzrədir. Hər halda, bütün regiona nəzarət planları quran  Qərb hazırda yalnız elə bir ciddi geopolitik əhəmiyyəti olmayan Ermənistanla kifayətlənmək məcburiyyətində qalıb.
Uzun müddətdən bəri Qərbyönümlü dövlət kimi qəbul edilən Gürcüstanla Avropa Birliyinin qarşılıqlı münasibətlərində böhranlı mərhələ başlayıb. Qərb rəsmi Tbilisinin “xarici agentlər” barədə qanunu qəbul etməsini həzm edə bilmir və  kəskin reaksiya verir.
Qeyd edək ki,  Aİ Xarici İşlər Şurasının iclasında Gürcüstandakı vəziyyət müzakirə olunub. İclasdan əvvəl jurnalistlərə açıqlamasında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Gürcüstanın üzvlüyü üçün Aİ-nin qapısı açıqdır, ancaq Gürcüstan hökuməti eyni yolla getməyə davam edir, addımlarını davam etdirir: “Belə halda qapı bağlanacaq. Bunun bədəlini Gürcüstan xalqı ödəyəcək. Hətta Avropa perspektivi ləğv oluna bilər. Biz burada ciddi məsələlərdən danışırıq. Əgər bu belə davam edərsə, Aİ-nin qapısı Gürcüstan üçün açıq olmayacaq”. Cozep Borrell əlavə edib ki, bugünkü iclasda XİN rəhbərləri Gürcüstanla bağlı qısa və orta müddətdə atılacaq addımları müzakirə edəcəklər. Aİ-nin Ali Nümayəndəsi deyib ki, o, XİN rəhbərlərinə Gürcüstanla bağlı hansı addımların atıla biləcəyi ilə bağlı təkliflər təqdim edəcək. Borrellin sözlərinə görə, bugünkü iclasda tədbirlərin görülməsi ilə bağlı qərar verilməyəcək, çünki bu, siyasi müzakirələrdir və konkret nəticələr gözlənilmir: “Lakin qısa müddətlik tədbirlərlə bağlı, məsələn, Gürcüstana Avropa Sülh Mexanizmi vasitəsilə verilən dəstəyin dayandırılması mümkündür, biz yüksəksəviyyəli siyasi təmasları dayandıra bilərik və yaxud birbaşa hökumətə gedən maliyyə dəstəyinin bir qismini kəsə bilərik. Biz mülki əhaliyə qərarlarımızla təsir etmək istəmirik. İnsanların qərarlarımızdan əziyyət çəkməsini istəmirik. Ancaq günün sonunda sizə XİN rəhbərlərinin mənim təkliflərimə münasibəti barədə məlumat verəcəyəm”.

  Siyasi şərhçi Elçin Xalidbəyli “Sherg.az”a açıqlamasında deyib ki, Avropa Birliyinə üzvlük mövzusu qərb siyasi dairələrinin MDB ölkələri üzərində manipulyasiya predmetidir: 

“Reallıqda isə Gürcüstanın nə vaxtsa Avropa Birliyinə üzv olmaq şansı yoxdur. Hətta Gürcüstanda böyük etirazlara və aksiyalara səbəb olan “Xarici agentlər haqqında” qanun qəbul edilməsəydi belə, Gürcüstanın AB-yə üzv olma şansı sıfır idi. 10 illərdir bu məsələ gündəmdədir.  Gürcüstanla yanaşı Ukrayna və Moldovanın da Avropa Birliyinə üzv olunacağı ilə bağlı verilən vədlərin üstündən uzun illər  keçib. Qərb bu istiqamətdə heç vaxt real addım atmayıb. Əgər Gürcüstanın AB-yə üzvlük şansı olsa belə, qərb heç vaxt bu dövləti öz sıralarına qəbul  etməzdi. Çünki Gürcüstanın ərazisində münaqişə ocağı var. AB isə Gürcüstanın ərazi problemini öz probleminə çevirmək istəmir. Sadəcə, Cənubi Qafqaza nəzarəti itirməmək, Gürcüstanı təzyiq altında  saxlamaq üçün ortaya atılmış bir mexanizmdir. Görünür, rəsmi Tbilisinin də artıq gözləri açılıb və qərbin qurduğu oyunları  anlamağa başlayıb. Odur ki, Gürcüstanın inkişafı, dövlətçilik maraqlarının qorunması istiqamətində cəhdlər edir. Hətta deyərdim ki, sözügedən qanunun qəbulu da məhz Gürcüstanın özünü qoruma instiktindən irəli gəlir. Bu qanunun təsiri altına düşəcək şəxslərin böyük əksəriyyəti qərbə bağlı, qərbdən qrant alıb Gürcüstana qarşı çıxan qüvvələrdir. Gürcüstan hökuməti bu qüvvələri zərərsizləşdirmək, qərb isə öz agenturasının toxunulmazlığını təmin eləməyə  çalışır. Müxtəlif cür təzyiq və təhdidlərlə “Xarici agentlər haqqında” qanunun ləğv edilməsini tələb edir. Rəsmi Tbilisinin isə geri çəkilmək  fikri yoxdur. Böyük ehtimalla Gürcüstan hökuməti AB-nin şantajlarına boyun əyməyəcək və qanunu qüvvədə saxlayacaq. Bununla da, Qərb siyas dairələri  Gürcüstana qarşı istifadə etdiyi təsir mexanizmlərini tamamilə itirmiş olacaq. Rəsmi Tbilisi isə tamamilə fərqli istiqamətdə, “Qafqaz evi” çərçivəsində özünün yeni  inkişaf  hədəflərini müəyyənləşdirəcək. Gürcüstan üçün qonşu dövlətlərlə münasibətlərini yüksək səviyyəyə çatdırmaq xəyalı  AB  üzvlüyündən daha  məntiqli və faydalıdır. Fikrimcə, rəsmi Tbilisi də öz gələcəyini məhz bu istiqamətdə  quracaq. Odur ki, C.Borrell və digər Aİ təmsilçilərinin  Gürcüstanla bağlı manipulyasiyaları nəticəsiz qalacaq”.