Əsirləri diri-diri parçalayıblar: 70 il sonra etiraf etdi -FOTOLAR

II Cahan savaşının sirr saxlanılan dəhşətləri hələ də üzə çıxmaqdadır. Yaponiya ordusunun əsgəri olmuş, Çin-Yapon müharibəsi və II Dünya müharibəsi illərində  Yapon İmperator Ordusu tərəfindən Mancuriya xalqına qarşı bioloji və kimyəvi silahlardan istifadə edən  731 saylı hərbi hissə barədə tükürpədici gerçəklər 70 il sonra açıqlanıb.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, həmin vaxt bu işgəncələrə şahid olmuş Yapon İmperator Ordusunun əsgəri Hideo Shimizu bu haqda danışıb.  Keçmiş əsgər gördükləri barədə kimsəyə heç vaxt danışmayacağına dair içdiyi andı 70 il sonra pozub. 93 yaşlı Shimizu İkinci Dünya müharibəsi illərində o zamanlar Yaponiyanın işğalı altındakı Mancuriyanın Harbin şəhərində əsgəri xidmət keçib. O zaman Shimizunun 14 yaşı olub və orada hərbi əsirlər, o cümlədən hamilə qadınlar və kiçikyaşlı uşaqlar üzərində aparılan dəhşətli təcrübələrdə iştirak edib. Yaponiya tarixinin ən qəddar, insanlıq əleyhinə dəhşətli cinayətlərindən sorumlu olan 731 saylı hərbi hissə əksəriyyətini çinli mülki insanlar, həmçinin rus, ingilis, amerikan hərbi əsirlərindən ibarət 3 mindən artıq insandan təcrübə vasitəsi kimi istifadə edib. 70 il sonra səssizliyini pozan Shimizu diri-diri parçalara ayrılan, vəba virusu ilə yoluxdurulan və işgəncə laboratoriyalarında donvurmaya qarşı müalicələrdə istifadə olunan əsirlər barədə bildiklərini anladıb. Bu vaxta qədərsə Shimizu qaranlıq keçmişiylə bağlı kimsəyə, hətta ailə üzvlərinə belə danışmayıb. Shimizu 2015-ci ildə həyat yoldaşı ilə birgə müharibə eksponatlarının saxlandığı muzeyi ziyarət etdikdən sonra xatirələrini paylaşmağı qərara alıb. Və əsirlərə işgəncə verdiyini ilk dəfə həyat yoldaşına etiraf edib. 731 saylı hərbi hissə 1936-cı ildə məhz bioloji silah, yeni silahların ixtirası və insan bədəni üzərində müxtəlif təcrübələr aparılması məqsədilə Harbində təşkil edilib. İndi bu şəhər Çinin şimal-şərqinə aiddir. Shimizu bu hərbi hissəyə 1945-ci ilin sonunda, müharibənin bitməsinə bir neçə ay qalmış gəlib. O, burada baş verənlərdən xəbərsiz olduğunu, bir fabrikə göndərildiyini zənn etdiyini deyib. Lakin 5 həmkəndlisi ilə birlikdə qatara mindirilərək Çinə göndərilib. 1945-ci ilin iyun ayında bir otağa daxil olub. Otaqda içərisində insan bədəni parçaları olan şüşə qablar gördükdə dəhşətə gəlib. Shimizu “ilk dəfə idi ki, insan cəsədi görürdüm. Özümü saxlaya bilmədim, ağladım. Sonra başa düşdüm ki, məni bu otağa insan cəsədlərinin qalıqlarını gördükdə hansı reaksiyanı verəcəyimi öyrənmək üçün göndəriblər”, deyən Shimizu insanlıq əleyhinə bu cinayətlərin müharibənin bitməsi və Yaponiyanın təslim olmasıyla bitdiyini söyləyib.