Analitik: Gürcüstanın NATO-ya üzv olması özündə mistik sirlər ehtiva edir

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass deyib ki, Gürcüstan cəmiyyətinin arzuları və cəhdlərinin Bidzina İvanişvilinin narazılığının girovu olmasını görmək çox kədərlidir.

Onun açıqlamasını “Turan” agentliyinin ABŞ-dakı müxbiri Aleks Raufoğlu öz X hesabında paylaşıb. 
Con Bass Gürcüstanın yalnız müttəfiqlərin onun bütün öhdəliklərini icra etdiyini gördükdən sonra NATO üzvü olacağını bildirib:

“Təəssüf ki, mən Gürcüstanda səfir olandan bəri biz ölkənin bu öhdəliklərinin icrasında inkişaf görməmişik. Son illər, özəlliklə də son ayda “Gürcü Arzusu” hökuməti tərəfindən hadisələrin necə inkişaf etdirilməsini müşahidə etmək çox narahatedicidir”.

Politoloq Həşim Səhrablı "Sherg.az"a açıqlamasında söyləyib ki, Gürcüstanın NATO-ya üzv olması özündə mistik sirlər ehtiva edən məsələdir:
"Gürcüstanın coğrafi mövqeyi onun NATO-ya üzv olmasını mümkünsüz edir. NATO Bəyannaməsinə görə Gürcüstan NATO-ya üzv olmaq üçün ərazi problemlərini həll etməlidir. Bu isə asan deyil. Çünki ortada Rusiya faktoru var. Hesab edirəm ki, Gürcüstanın NATO-ya üzv olmasına mane olan məsələlər heç də qərblilərin dediyi kimi islahatlar və Qərb dəyərlərini təmin etməməyi deyil".

Ekspert əlavə edib ki, ABŞ Ukraynada olduğu kimi Gürcüstanda da antirusiya mövqeyi formalaşdırmağa çalışır:
"Çünki Rusiya geniş ərazilərə sahib işğalçı dövlətdir və sərhədlərindən kənarda da öz təsir gücünü artırmağa çalışır. ABŞ buna mane olaraq Rusiya ilə sərhəddə olan ölkələrdə antirusiya ritorikası yaratmağa çalışır".