Bu gün yerli vaxtla səhər saat 08:00-dan etibarən İranda prezident seçkilərinə səsvermə başlayıb.
Bu barədə İran mediası məlumat yayıb.
Seçki prosesində 60 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərir.
Ümumilikdə, 61 milyon 452 min 321 nəfər səsvermə hüququna malikdir.
Səsvermə axşam saat 18:00-a kimi davam edəcək.
Qeyd edək ki, dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır - İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf, Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkian.
İrandakı Prezident seçkilərini “Sherg.az”a dəyərləndirən Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehtili bildirib ki, Tehran rejiminin Avropa və Amerikaya yumşaq üz göstərməyə ehtiyacı var:
“Ona görə də seçimlərində dünyaya mühafizakar deyil, daha çox islahatçı üz göstərmək istəyərlər. Çünki Tehran rejiminin İranda yaşayan xalqlarla bağlı ciddi problemləri var. Etirazları edamla susdursalar da, problemlər davam etməkdədir. İranın xarici siyasətində isə imajı daha da korlandı. Digər tərəfdən isə İranda Prezidentlik statusu konstitusiya və siyasi arenada sadəcə icra məqamıdır. Yəni ölkənin daxili və xarici siyasətdə əsas siyasətlərini dini lider müəyyən edir. Prezidentin dini liderin çəkdiyi siyasət xəttindən kənara çıxma haqqı yoxdur. Namizədlər arasında Azərbaycan əsilli Məsud Pezeşkiyan da var. Onun da namizədlər arasında daha məqbul imici olduğu görünür. Fikrimcə, İran problemləri ört-basdır etmək və yumşaq üz göstərmək üçün Pezeşkiyanı ön plana çıxardıb”.