Zelenskidən mesaj: Zaman Ukraynanın əleyhinə işləyir -RƏY

Ukrayna müharibəni uzatmaq istəmir.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Biz bunun illərlə davam etməsini istəmirik. Döyüş meydanında çoxlu yaralı və ölülərimiz var. Bir neçə ay ərzində həll planını masaya qoymalıyıq”, - Zelenski bildirib.


Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən politoloq Turan Rzayev söyləyib ki, Zelenski bu açıqlamanı verməklə əslində müharibəni Ukraynanın başlatmadığı mesajını verir:

“Yəni müharibəni faktiki olaraq başladan tərəf Rusiyadır. Eyni zamanda, Ukrayna ərazilərinin 20 faizdən artığını işğal edən də məhs rəsmi Moskvadır. Ukrayna tərəfinin əvvəllər də danışıqlarla bağlı təklifləri olub. Rusiyanın  təklifləri isə işğalı legitimləşdirmək və qarşı tərəfə torpaq itkisi hesabına razı salmaq kontekstində idi. Ukrayna tərəfi isə həmin təkliflə razılaşmırdı. Hesab edirəm ki, rəsmi Kiyevin indiki təklifi də ərazilərin qaytarılması ilə sülh müqaviləsinin imzalanması fonundadır. Zaman isə Ukraynanın əleyhinə işləyir. Yəni  rəsmi Kiyev torpaqları işğaldan azad edə bilməsə, sonra Ukraynanın məcbur atəşkəs razılaşması imzalamasına gətirib çıxara bilər. Amma Ukraynanın da ərazi itkisi hesabına sülhə razı olacağını düşünmürəm. Əgər Avropa İttifaqı və NATO-ya üzv olmaq şərti ilə qarşılaşsa, ərazi itkiləri fonunda sülhə razı ola bilər”.