Fransada seçki gərginliyi: Marin Le Penin qələbəsi ölkəni qarışdıracaq -ŞƏRH

Milli Birlik Partiyasının səs çoxluğu əldə etməməsi üçün “Respublika naminə birlikdə” prezident koalisiyasından və Yeni Xalq Cəbhəsi solçu blokundan deputatlığa namizədlər namizədliklərini geri götürüblər.
Bu barədə “Le Monde” nəşri məlumat yayıb.
“185 namizəd seçkilərdən imtina edib. İkinci turda iştirakdan solçulardan 121, prezident koalisiyası və digər partiyalardan 60 nəfər imtina edib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, seçkilərə 18 saat qalmış partiyalar ikinci turda iştirak edəcək namizədlərin siyahısını təqdim etməlidir.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a bildirib ki, son dövrlər Marin Le Penin rəhbərlik etdiyi qrupun Fransa cəmiyyətində mövqeləri və reytinqləri ciddi şəkildə yüksəlib:
“Bütün bunlar yaxın müddət ərzində ölkədə keçiriləcək seçkilərdə onun böyük qələbə qazanacağından xəbər verir. Hər halda, birinci turda əldə edilən bu nəticələr ikinci turda yenidən Le Penin böyük üstünlüklər qazanacağına dəlalət edir”.


Ekspert qeyd edib ki, Emmanuel Makron parlamentdə çoxluğu itirəndən sonra onun prezident kimi istefası məsələsi də gündəmə gələ bilər:
“Çünki artıq o qərarların qəbulunda dəstək ala bilməyəcək ki, bu da nəticədə onun qanunverici orqanda istənilən bir məsələdə fikirlərinin və təşəbbüslərinin qarşısının alınmağı demək olacaq. Bu hadisələr fonunda Fransadakı daxili gərginlik də artacaq. Artıq seçkinin birinci turundan sonra Fransa küçələrində baş verən etiraz aksiyalarında da biz bunun açıq aydın nümayiş edildiyini görürük”.