Kara-Murza Qərblə razılaşma əsasında azad edilib
“Putinə Navalnıdan sonra yeni başağrısı lazım deyil. O, özünün kifayət qədər dərindən tanıdığı və şəxsi əlaqələrə malik olduğu bu gəncin rus müxalifətinin yeni lideri olmasını qəbul edib”
ABŞ Rusiya ilə məhbus mübadiləsi çərçivəsində üç vətəndaşını və bir “qrin kart” sahibini geri alıb. Bu barədə ABŞ Prezidenti Cozef Baydenin Ağ Evin saytında dərc olunmuş bəyanatında deyilir. Qeyd olunub ki, söhbət WSJ-nin jurnalisti Evan Qerşkoviç, keçmiş dəniz piyadası Pol Uilan, jurnalist Alsu Kurmaşeva və müxalif siyasətçi Vladimir Kara-Murzadan gedir. Bayden bildirib ki, onun prezidentliyi dövründə ABŞ 70 vətəndaşını geri qaytarıb. Xatırladaq ki, daha əvvəl Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi olub.
Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, müxalif jurnalist və ictimai fəal Vladimir Kara-Murza 2022-ci ildə həbs edilmiş, 2023-cü ildə 25 il həbs cəzası verilmişdi. Onun sözlərinə görə, Kara-Murza kifayət qədər imkanlı ailənin övladıdır:
"Britaniya əsilli olan bu ailənin ən tanınmış üzvü müxalif fəalla eyni adı daşıyan atası Vladimir Kara-Murza olmuşdu. Müxalif jurnalistin anası Rusiyanın ən tanınmış yəhudi ailələrindən birinin qızıdır. Ata Kara-Murza hələ Brejnevin vaxtından sovet hökumətini sərt tənqidlər edirdi. Buna görə bir neçə dəfə KQB tərəfindən "qonaq" edilirdi. SSRİ dağılarkən Boris Yeltsinin ən böyük tərəfdarına çevrilən Kara-Murza Yeltsinin dövründə Rusiyanın ən zəngin oliqarxlarından birinə çevrilir. Onun əsas biznes şəriki isə "YUKOS"un sahibi Mixail Xadarkovski olur. Putin Xadarkovskini çökdürdükdən sonra Kara-Murza da sürətlə çökür. Onun oğlu isə Putin əleyhinə köşə yazıları, qısa filmlər çəkir. Vladimir Kara-Murza hazırda Xodorkovskinin Moskvadakı əsas adamıdır. O, Xodorkovskinin rəhbərlik etdiyi "Açıq Rusiya" Qeyri Hökumət Təşkilatının sədr müavinidir".
Analitikə görə, Putinin ən böyük düşməninin "sağ qolunu" azad etməsi müəmmalıdır: "Düzdür, Kara-Murza Qərblə razılaşma əsasında azad edilib. Ancaq Putinə Aleksey Navalnıdan sonra yeni başağrısı lazımdırmı? Hazırda Rusiyanın sistemdən kənar müxalifəti başsız vəziyyətdə qalıb. Aleksey Navalnının ölümündən sonra həyat yoldaşı Yuliya Navalnının liderliyi müzakirə edilsə də, Yuliya yoldaşının populyarlığından xeyli uzaqda qaldı. Vladimir Kara-Murza isə Putin rejimi əleyhinə həbsxanadan yazdığı köşə yazıları ilə hazırda rus müxalifətinin parlayan ulduzuna çevrilib. Görünür, Kreml sistemdən kənar müxalifətin yeni liderinin yetişməsini istəmir. Putin özünün kifayət qədər dərindən tanıdığı və şəxsi əlaqələrə malik olduğu bu gəncin rus müxalifətinin yeni lideri olmasını qəbul edib. İndi görək Vladimir Kara-Murza Aleksey Navalninin ölümü ilə oturmuş müxalifəti yenidən dirçəldə biləcəkmi?".