İran prezidenti onu hakmiyyətə gətirmiş sosial dəstəyi itirə, daha çox mötədil və radikal mühafizəkarların təsiri altına düşə bilər
İran Prezidenti Məsud Pezeşkian yeni nazirlərini müəyyən edib. Pezeşkian xarici ilər naziri postuna Abbas Araqçini, müdafiə naziri vəzifəsinə isə Əziz Nəsirzadənin namizədliyini irəli sürüb. Bundan başqa, Pezeşkian kəşfiyyat naziri vəzifəsində olan İsmayıl Xətibin yenidən bu vəzifəyə namizədliyini irəli sürüb. Onun irəli sürdüyü namizədləri parlament təsdiqləməlidir. Araqçi Həsən Ruhani dövründə xarici işlər nazirinin müavini işləyib. SEPAH-da uzun müddət xidmət edən Araqçi sonra İranın Qərblə nüvə danışıqlarının aparılmasında aktiv iştirak edib. Araqçi həmçinin İkinci Qarabağ müharibəsindən sonra İranın Qafqazdakı situasiyaya müdaxilə edib, Azərbaycana qarşı təzyiqlər yaratmağa çalışdığı dönəmdə Tehranın planlarını gerçəkləşdirən əsas diplomatlardan olub. Bundan başqa, o, Azərbaycanla İranı “bir millət, iki dövlət” adlandırması ilə də diqqət çəkmişdi. Əziz Nəsirzadəyə gəlincə isə o, İran ordusunun baş qərargah rəisinin birinci müavinidir. İranın keçmiş xarici işlər naziri və İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilmiş Məhəmməd Cavad Zərif istefa verib. Cavad Zərif Məsud Pezeşkianın nazirlər seçimindən narazılığına görə istefa verdiyini bildirib.
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, Məsud Pezeşkianın təzyiq altında olduğu, parlamentdəki mühafizəkar çoxluğun ona öz siyahılarını təsdiqlətmək üçün təzyiq etdiyi deyilirdi. Əks təqdirdə siyahıya səs verməyəcəkləri bildirilirdi. Ekspert vurğulayıb ki, Pezeşkianın özü də bir müddət əvvəl verdiyi açıqlamada xüsusən güc qurumlarının mövcud rəhbərlikləri tərəfindən ciddi basqı altında olduğunu söyləmişdi:
"Mühafizəkarlar bütün vəchlə Cavad Zərifin komandanın formalaşdırılmasına yaxın buraxılmamasını, İbrahim Rəisi hökumətinin nazirlərinin yenidən təsdiqlənməsini tələb edirdilər. Bu, əslində, Səid Cəlilinin seçkiqabağı platformasında yer alan vədlər idi. Belə çxırdı ki, Pezeşkian öz seçicilərinə verdiyi vədə yox, Cəlilinin proqramına əməl etməlidir. Tehranda HƏMAS liderinə sui-qəsd Pezeşkianı mühafizəkar qanad qarşısında xeyli tərksilah etdi. İndi İran siyasi elitasındakı müxtəlif komandaların, qruplaşmaların, klanların konsilidasiyasına ehtiyac var. Xatırlayırsızsa, Pezeşkiana yaxın şəxslər Qərb mediasına Həniyənin qətlinin mühafizəkarlar tərəfindən törədilə biləcəyi ehtimalını sızdırırdılar. Onların fərziyyəsinə görə, məqsəd Pezeşkianı islahatlardan, sülh planlarından çəkindirmək olub. Artıq Pezeşkian hökumətinin təklif etdiyi nazirlərin siyahısı parlamentə təqdim edilib. Pezeşkianın siyahısında İbrahim Rəisi hökumətindən iki nazir qalıb: - informasiya naziri İsmayıl Xətib və ədliyyə naziri Əmin Hüseyn Rəhimi. Əvvəlki (13-cü) hökumətdə nazir olmuş Abbas Əliabadi yeni hökumətdə energetika naziri kimi təqdim edilib".
C.Quliyev xatırladıb ki, siyahı açıqlanmazdan qabaq Təbrizdən Pezeşkiana müraciət edilərək hökumətə türk-Azərbaycan əsilli şəxslərə üstünlük verilməsinə çağırış edilmişdi:
"Bu tələbin yerinə yetirilməyəcəyi əvvəlcədən də bəlliydi. Çünki Pezeşkian hər nə qədər seçkiqabağı dövrdə türk icmasına reveranslar etsə də, öz etnik mənşəyini qabartsa da, İran prezidenti kimi bütün icmalara qucaqlayıcı münasibət göstərməlidir. Hazırkı siyahıda yalnız bir qadın nazir var. Fərzanə Sadeq nazirlər arasında yeganə qadındır və yollar və şəhərsalma naziri postuna namizəddir. O, etimad səsi alsa, Mahmud Əhmədinejadın ilk hökumətində səhiyyə naziri olmuş Mərziyə Vahid Dəstjardidən sonra İslam Respublikası tarixində ikinci qadın nazir olacaq. Lakin Pezeşkianın daha çox açılıma gedəcəyi, qadın nazirlərin sayının çox olacağı gözləntisi böyük idi".
Siyasi şərhçi vurğulayıb ki, təklif olunan nazirlərin açıqlanmasından bir saat əvvəl, İslahat Cəbhəsinin sözçüsü siyahıdan narahatlığını bildirib:
"O, siyahını “hərbçilər və SEPAH tərəfindən siyasətə nəzarətin” davamı adlandırıb. Bu dəyərləndirmə xeyli dərəcədə obyektivdir. Çünki siyahı ciddi basqı və güzəştlərin yekunu olaraq meydana çıxıb. Amma islahatçıların daha liberal qanadının (Cavad Zərif və çevrəsi, İslahatçı Cəbhə), eləcə də türk elektoratının və qadınların gözləntilərinin doğrulmaması səbəbindən Pezeşkian onu hakmiyyətə gətirmiş sosial dəstəyi itirə, daha çox mötədil və radikal mühafizəkarların təsiri altına düşə bilər".