Afrikada “böyük oyun” başlayıb -ŞƏRH

ABŞ, Rusiya, Çin və Türkiyə  bu qitə uğrunda açıq savaşın içindədir
 
 
  Somali və Efiopiya arasında artan böhran nəticəsində Afrikanın həmin bölgəsində tarazlıq pozulub. Efiopiyanın Baş naziri Abiy Əhməd Əli may ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazaraq, ölkələr arasındakı münaqişə ilə bağlı Ankaradan dəstək istəyib.  Ərdoğan böhranın həll edilməsi ilə bağlı göstəriş verib və iki ölkənin nümayəndələri bu gün Ankarada görüşəcəklər. Somalidən də eyni tələbi alan Türkiyənin xarici işlər naziri Hakan Fidan iyul ayında ilk təşəbbüsünü edib. O, Ankarada Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie və Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqini qəbul edib. Görüş nəticəsində tərəflər birgə bəyanatla aralarındakı problemi sülh yolu ilə həll etmək niyyətlərini bildiriblər. Qeyd olunub ki, Türkiyə qonşu ölkələr Efiopiya və Somali arasında hərbi əməliyyatları dayandırmaq üçün məsuliyyət daşıyır. Xatırladaq ki, Efiopiyanın Qırmızı dəniz sahillərinə çıxış əldə etmək üçün Somalidən birtərəfli müstəqillik elan edən Somalilend ilə etdiyi razılaşma, Afrikada son illərdə artan regional gərginliyi yenidən artırıb.

 Politoloq Azər Rəşidoğlu "Sherg.az”a deyib ki, prosesi yalnız Somali və Efiopiya kontekstində şərh etmək düz olmazdı. Söhbət zəngin yeraltı sərvətlərə malik bir qitə uğrunda mübarizədən gedir. Ekspertin sözlərinə görə, ABŞ, Rusiya və Çin Afrika qitəsi uğrunda açıq savaşa başlayıblar:

 "Bölgə uğrunda mübarizədə Fransa da fəaldır. Ankara Afrikaya nəzarəti öz əlinə almaq istəyir. Unutmaq olmaz ki, Türkiyə şirkətlərinin Afrika ölkələrinə yatırımları son illər artıb. Prezident R.T.Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin Afrika ölkələrində açdığı səfirliklərinin sayı da çoxalıb. Afrikaya ən çox yatırım qoyan ölkə Çindir. Çin şirkətləri Afrika ölkələrinə milyardlarla dollar yatırım qoyublar, yeraltı zənginliklərin çıxarılması və satışı ilə məşğuldurlar. Çin şirkətləri uzunmüddətli müqavilələrə üstünlük verirlər. Bu, Afrika ölkələrinin də maraqlarına cavab verir. Pekinin Afrika ölkələri ilə əməkdaşlığını genişləndirməsinin siyası hədəfləri də var. Çinin yatırımlarına ehtiyacı olan çoxsaylı Afrika ölkəsi Birləşmiş Millətlər Təşkilatındakı səsvermələrdə Çinin əleyhinə olan qətnamələrə və sənədlərə səs vermirlər. Türkiyə də BMT-də özünə yeni müttəfiqlər qazanmaq istəyir. Türkiyə anlayır ki, Afrika siyasətində bir boşluq yaranıb. Odur ki, bu boşluğun  doldurulmasında fəallıq göstərir".

 Analitik vurğulayıb ki, Afrika və Türkiyə arasında inkişaf edən siyasi və iqtisadi münasibətlər, diplomatik təmsilçiliklərin açılması ilə müşayiət edilir:
 "Türkiyə uzun müddətdir ki, Afrikada, əsasən də müsəlman ölkələrində təhsil, səhiyyə və digər humanitar yardım proqramlarını həyata keçirir. İnkişaf etməkdə olan və böyük iqtisadiyyata malik Türkiyənin bu bölgəyə maraq göstərməsi təbii qarşılanmalıdır. Məsələn, 1,8 milyon kv.km ərazisi olan Sudan Afrikanın ən böyük ölkəsidir. Ancaq 2011-ci ildə Cənubi Sudanın müstəqil olması ilə ərazisi bir az da kiçilən Sudanda iqtisadi vəziyyət o qədər də yaxşı deyil. Üstəlik, Darfur olaylarına görə, Qərb ölkələri tərəfindən davamlı embarqolara məruz qalan Sudanın prezidenti Beynəlxalq Məhkəməyə verilib. Bu səbəbdən də Sudan indi Qərb dünyası tərəfindən faktiki olaraq təcrid olunub. Bəzi müsəlman ölkələri, o cümlədən xüsusən də körfəz ərəb dövlətləri əl-Bəşirə zaman-zaman yardımlar etsə də, ümumilikdə ölkənin ciddi yatırımlara, iqtisadi dəstəyə ehtiyacı var. Bu baxımdan Türkiyə prezidentinin Sudan səfəri Sudanda böyük hadisəyə çevrilib. Ərdoğanın Sudan səfəri zamanı iki ölkə arasında Yüksək Səviyyəli Strateji Şura təsis olunması razılaşdırılıb. Bundan başqa, iki ölkə arasında təhsil, xüsusən də ali təhsil sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi qərarlaşdırılıb. Sudan prezidenti türkiyəli həmkarıyla Sudan-Türkiyə birgə universitetinin yaradılmasını təklif edib. Ərdoğan bildirib ki, razılaşmaya əsasən ilkin olaraq Türkiyə Sudan Universiteti yaradılacaq. Sonra isə Çadın təklifi əsasında Afrika-Türkiyə Universitetinin qurulması qərarlaşdırılıb. Ən ciddi anlaşma isə Qırmızı dənizdə - Port Sudanda iqtisadi bölgənin qurulması təklifi olub. İlkin razılaşma da artıq əldə olunub. Ancaq adada bir neçə özəl mülkiyyət var və Sudan hökuməti bu əraziləri sahiblərindən alaraq onlara alternativlər təklif edəcək. Türkiyə prezidenti deyib ki, Sevakin adasının böyük ölçüdə turizm potensialı var və adada yeni turizm mərkəzi inşa oluna bilər. Bundan başqa, adanın Səudiyyə Ərəbistanına yaxın olması müqəddəs məkanlara ziyarətin təşkilinə də müsbət dəstəyi ola bilər. Belə ki, Türkiyədən zəvvarlar Sevakin adasına təyyarə ilə gəlib, buradan da avtobuslarla ada üzərindən Ərəbistan yarımadasına daxil olub Məkkəyə gedə bilərlər. Türkiyə prezidentinin fikrincə, bu, həm xidmət və qiymətlərə müsbət təsir edə bilər, həm də adanın inkişafına ciddi yardım edə bilər".

 A.Rəşidoğlu bəyan edib ki, Sudandan sonra Çada səfər edən Türkiyə prezidenti bu ölkənin rəhbərliyi ilə 7 müqavilə imzalayıb:
 "Türkiyə və Çadın birgə layihələri həyata keçiriləcək. Mərkəzi Afrikanın iki böyük ölkəsi ilə Türkiyənin yatırım anlaşmaları Ankaranın yeni bazarlara açılması ilə yanaşı, siyasi anlam daşıyır. Afrika bütün dünya üçün həm də gələcək olaraq perspektiv kimi baxılır. Türkiyə prezidentinin Afrika səfərlərinin səbəbləri sırasında, müəyyən qədər kölgədə qalsa da - FETÖ məsələsi də var. Məlum olduğu kimi, FETÖ-nün aktiv olduğu regionlardan biri də Afrika olub. Qitədə onlarla Gülən məktəbləri olub. Türkiyənin çağırışı ilə həm Sudan, həm də Çad hökumətləri ölkələri ərazisindəki FETÖ məktəblərini bağlayıb. Eyni zamanda “camaat” üzvlərini ölkədən çıxarıb. Ancaq sonuncu səfərindən sonra verdiyi açıqlamada Ərdoğan maraqlı bir nüansa toxunub. Türkiyə prezidenti deyib ki, "camaat" Sudan və Çaddakı məktəbləri ilə bağlı məhkəmə iddiaları qaldırıb, məktəbləri geri almağa çalışır. Ancaq Ərdoğanın sözlərinə görə, Afrika liderləri onu əmin edib ki, məktəbləri geri qaytarılmayacaq".