Moskva və Kiyev Dohada danışıqlar aparmağı planlaşdırırdılar

Moskva və Kiyev nümayəndə heyətləri bu ay Dohada enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılması ilə bağlı danışıqlar aparmalı idilər.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" diplomatik mənbələrə istinadən yazır.

Məlumata görə, danışıqlar Rusiyanın Kursk vilayətində vəziyyətin gərginləşməsi səbəbindən pozulub.

Qətər bu danışıqlarda vasitəçi kimi çıxış etməli idi, lakin Rusiya tərəfi prosesi dayandırmaq qərarına gəlib.

Qəzetin həmsöhbətləri bildiriblər ki, bu danışıqlarda tərəflər iki ay ərzində bir-birlərinin enerji obyektlərinə hücum etməmək barədə razılığa gəlməyi planlaşdırıblar ki, bu da qismən atəşkəsə bərabər ola bilərdi: “Rusiya danışıqları ləğv etmədi, onlar bizə vaxt verin dedilər”.

Qeyd edilib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbuldakı danışıqlardan sonra 2022-ci ildən bəri üz-üzə görüşmürlər.

Kreml və Ağ Ev qəzetə şərh verməkdən imtina ediblər.