İran “Şimal-Cənub” dəhlizi ilə yük tranzitinin 3 dəfə artacağını gözləyir

Bu il İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqaməti üzrə yüklərin tranzitini 3 dəfə - 2 milyon tona qədər artırmağı planlaşdırır.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

“Biz 2023-cü ildə Rusiya, Qazaxıstan və Türkmənistanın köməyi ilə bu (şərq - red.) istiqamətdə yüklərin daşınması əməliyyatına başladıq. 2023-cü ildə bu həcmlər 650 min ton idi. Potensialı nəzərə alaraq, biz Rusiya tərəfi ilə razılığa gəldik və 2024-cü ilə - 2 milyon ton hədəf qoyduq”, - deyə Cəlali Həştərxanda keçirilən IX Xəzər Media Forumunda jurnalistlərə bildirib.

K.Cəlali əlavə edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqamətinin tutumu 15 milyon ton yük təşkil edir, ona görə də bu qolun potensialından tam istifadəyə doğru getmək lazımdır.

Xatırladaq ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.