Argentinada yük gəmisində “meymun çiçəyi” virusunun daşıyıcısı olan şəxs aşkarlanıb və gəmi karantin altına alınıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bir müddətdir ki, “meymun çiçəyi” virusunun yayılmasıyla bağlı həyəcan təbili çalır. Virusa yoluxma faktı ilk dəfə Afrikada qeydə alınıb, bundan az sonra isə İsveçdə aşkarlanıb. Və virusun Afrikadan digər ölkələrə yayıldığı müəyyənləşib. Bu günlərdə isə Argentinanın Parana çayı boyunca hərəkət edən yük gəmisində bir nəfərin “meymun çiçəyi”nə yoluxduğu şübhələri təsdiqini tapıb. Gəmi qısa müddətdə karantin altına alınıb. Argentina Səhiyyə Nazirliyi Liberiya bayrağı altında üzən, Braziliyanın Santos şəhərindən Argentinanın San-Lorenzo limanına doğru hərəkət edən yük gəmisində gəmi heyətinə daxil olan bir nəfərdə “meymun çiçəyi” xəstəliyinin əlamətlərinin müşahidə edildiyini açıqlayıb. Bu şəxsin Hindistan əsilli olduğu bildirilib. Bu şəxsin sinəsində və üzündə “meymun çiçəyi”nin əlamətləri – sivilcələrdən toxuma pozulması görünüb. Argentina Səhiyyə Nazirliyi qabaqlayıcı tədbirlərin dərhal icra edilməsini və gəminin hərəkətinin dayandırılaraq karantin altına alınmasını tələb edib. Gəmi heyətinin gəmini tərk etməsinə qadağa qoyulub. Virusun əlamətləri aşkarlanmış şəxs isə digər əməkdaşlardan təcrid edilib. Gəmi hazırda Parana çayında hərəkətsiz vəziyyətdədir, gəmi heyəti isə karantin müddətinin bitməsini gözləyir. Gəminin bütün heyətindən analizlər alınıb, yoxlanmaq üçün tibb müəssisəsinə göndərilib. Ümumdünya Səhiyyə Təşkilatı “meymun çiçəyi” virusu ilə bağlı son 2 ildə, artıq ikinci dəfədir ki, həyəcan təbili çalır.