İran iz azdırır: Rəisinin ölüm səbəbləri hələ də qaranlıqdır

Helikopter qəzasına təyyarənin normadan artıq yüklənməsinin səbəb kimi göstərilməsi İran adına böyük utancdır
 
 
 İranın mərhum Prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzası ilə bağlı başladılan istintaq prosesi yekunlaşıb. “Fars” agentliyinin məlumatına görə, İranın mərhum Prezidenti İbrahim Rəisinin may ayında həlak olduğu helikopterin qəzaya uğramasına hava şəraiti və təyyarənin daşıdığı yükü daşıya bilməməsi səbəb olub:
“Qəzaya hər hansı kənar müdaxilələr olmayıb. İran Silahlı Qüvvələrinin Baş Qərargahı “Fars” agentliyinin İslam Respublikası Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəblərinə dair məlumatını təkzib edib.
 “Fars” agentliyinin helikopterin qəzaya uğramasında amillərdən biri kimi təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması, bu səbəbdən helikopterin lazımi hündürlüyü əldə edə bilməməsi barədə məlumatı yalandır”.

 Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan isə “Sherg.az”a açıqlamasında İranın mərhum Prezidenti İbrahim Rəisinin ölümünü müəmmalı hesab etdiyini deyib:

 “Doğrudur, araşdırma aparılıb və hava şəraitinin pis olması və uçalğacın normadan artıq yüklənməsi səbəb kimi göstərilib. Hər halda bu da sui-qəsd şübhəsi yaradır. Nəyə göyə normadan artıq yüklənib? Kim, hansı maraq üçün edib? Hava şəraiti barədə əvvəlcədən proqnoz verilir, ona uyğun da minik, nəqliyyat seçilir. Yaxud pis hava şəraitində digər, uyğun nəqliyyat vasitəsilə əvəz edilir. Ancaq bunlara açıqlama gətirilmir. Görünür, hava qəfildən, gözlənilmədən dəyişib, artıq yük götürmək də risk olub. Qərblə kəskin münasibətlərə görə, embarqolar səbəbi ilə texniki vasitələrin hissələrini əldə edə bilməmələri də buna əsas gətirir. Ancaq müasir silahlara nədənsə hissələr tapırlar. Texniki vasitələrin zəif olmasını, köhnə təyyarə və uçalğacdan istifadə etməyə məcbur qaldıqlarını qəbul etsək, onda istintaqın və araşdırmanın da zəif, natamam aparıldığını qəbul etməliyik. Ona görə ki, ekspertiza aparmaq, lazer silahlardan istifadə edilib-edilmədiyini aydınlaşdırmaq üçün, hava şəraitinin supergüclər tərəfindən dəyişdirilib-dəyişdirilmədiyini müəyyən etmək üçün İranın müasir avadanlığı, yoxlama cihazları və mütəxəssisləri yoxdur”.

 T.İrfanın sözlərinə görə, HƏMAS-İsrail müharibəsinin qızğın çağında bu hadisənin olması və bir neçə ay sonra da bir qədər fərqli üsulda HƏMAS lideri İsmayıl Haniyənin İranda qətlə yetirməsi şübhələri İsrailin və ABŞ-nin üstünə çəkir:
 “Ancaq bu sübuta yetmiş olsa və İran bunu etiraf və ya iddia etməli olsa, o zaman dərhal rəsmi müharibə elan etməlidir. Çünki prezident dövlətin canlı atributudur və onun öldürülməsi mütləq müharibə səbəbidir. Ola bilsin, hadisənin kənar güclər tərəfindən törədilməsi qənaətinə gəlinmiş olsa da belə, buna cavab verməyə hazır olmadıqlarından o mövzuda açıqlama verilməyib. İsmayıl Haniyənin ölümü açıq şəkildə İsrail tərəfindən həyata keçirilmiş olduğu halda İran buna cavab verib-verməməyə hələ tərəddüd edir, o ki qala prezidentin ölümünə görə nəsə etsin.
Hər bir halda, hansı səbəbdən olmuş olsa belə, İran prezidentinin bu şəkildə həlak olması dövlətin adına, nüfuzuna zərbədir, xələl gətirən amildir”.

 Siyasi şərhçinin sözlərinə görə, Rəisiyə qarşı sui-qəsd daxili çəkişmələrin nəticəsində də ola bilər:
 “İranda kifayət qədər Qərbin, ABŞ-nin, əsasən də İsrailin agentlərinin olması haqda dünya mediasında xəbərlər dolaşır. Mümkündür ki, hansısa İrandaxili qurumlar içəridən belə hadisələri təşkil edir, ya da şərait yaradırlar. İsmayıl Haniyənin ölümü bunu sübut etdi. Onun mühafizəsini ya qəsdən zəif təşkil etmişdilər, ya da mühafizəsini təşkil etməyə məsul olan səlahiyyətlilər birbaşa bu işin içində olublar. Hər bir halda qaranlıq və çoxmənalı hadisədir.
 Lakin İran prezidentinin həlak olmasına səbəb olan helikopter qəzası, doğrudan da, açıqlanan səbəblərə görə olubsa, bu, İran adına  böyük utancdır.  Necə olur ki, başqa bir ölkəyə səfər edən İran prezidentini normal təyyarə ilə, normal mühafizə ilə təmin etməyiblər”.