Analitik: Putin Paşinyanı yola gətirməyə çalışacaq

Rusiyanın əsas məqsədi Zəngəzur dəhlizini öz nəzarətinə götürməkdir
 
 
 Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlamaları regionda kommunikasiya xətlərinin açılması mövzusunda yeni müzakirələrə səbəb olub. Onun bəyanatları fonunda Rusiya və Ermənistan arasında davam edən proseslərin, eləcə də, beynəlxalq aktorların mövqelərinin necə inkişaf edəcəyinə dair mühüm suallar ortaya çıxır.
Qeyd edək ki, M.Zaxarova üç ölkə liderinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının 9-cu bəndinin icrası ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında aparılan müzakirələrin diqqəti cəlb edən detallarını açıqlayıb.
 Zaxarovanın verdiyi məlumatdan aydın olub ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına əvvəl razılaşıb. Lakin sonradan Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında maneəsiz əlaqəni təmin etmək öhdəliyi ilə bağlı əlavə şərt irəli sürüb. Bu isə Zəngəzurdan keçən dəmir yolunun blokdan açılmasını əngəlləyib.  Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanı 10 noyabr Bəyanatında kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etməkdə ittiham etməsi də Zaxarovanın açıqladığı məxfi məqamla bağlı imiş. Zaxarova bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli İşçi qrupun 12 raund apardığı müzakirələrdən sonra tərəflər 9-cu bəndin praktiki icrasına yaxın olublar. İrəvanın avtomobil yolunun açılması üçün konkret tarixlər göstərməməsinə baxmayaraq, rəsmi Bakı erməni tərəfinin dəmir yolu əlaqəsinin açılmasını avtomobil yolu ilə əlaqələndirməmək istəyi ilə razılaşıb. Lakin belə görünür ki, iki ölkənin suverenliyinə xələl gətirməmək üçün müvafiq tərəflərin tam yurisdiksiyası altında həyata keçirilməli olan gömrük prosedurlarına qədər hər şey artıq razılaşdırılıb. Zaxarova qeyd edir ki, son anda Ermənistan tərəfi əvvəlcədən razılaşdırılmış mövqelərdən kənara çıxıb. İrəvan Rusiya sərhədçilərinin yalnız Ermənistan tərəfində deyil, həm də Azərbaycan tərəfində nəzarəti həyata keçirməsinə dair şərt irəli sürüb.
 Üçtərəfli bəyanatda belə bir müddəa olmadığına görə Bakı İrəvanın şərtindən imtina edib və danışıqlar dalana dirənib. Lavrov İrəvanın məhz bu mövqeyini “sabotaj” adlandırıb.
Sonradan İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq İşçi qrupda iştirakını dondurub.
 Ekspertlərin fikrincə, Rusiya Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması prosesində mühüm tərəf kimi iştirak edir və bu rolu itirmək istəmir. 44 günlük müharibədən sonra Moskvanın əldə etdiyi bu strateji üstünlük regionda Rusiyanın maraqlarını qorumaq baxımından çox əhəmiyyətlidir. Moskva Ermənistanın prosesdən çıxması və ya qərar qəbulunda tərəddüd etməsinə qarşı sərt mövqe tutmaqdadır. Zaxarovanın açıqlamaları fonunda bu məsələnin Putin-Paşinyan danışıqlarının gündəmində əsas yer tutacağı ehtimal olunur.
Hətta kommunikasiya xətlərinin açılması məsələsinin sülh müqaviləsindən əvvəl həyata keçirilməsi də ehtimal olunur. Güman ki, bu prosesin həyata keçirilməsi Moskvanın təsir gücündən və Putinin Ermənistana qarşı hansı addımlar atacağından asılı olacaq. M.Zaxarovanın açıqlamaları bu ehtimalın ciddi olduğunu və regiondakı güc balansının bu prosesdən necə təsirlənəcəyini göstərir.

 Siyasi şərhçi Azər Rəşidoğlunun “Sherg.az”a açıqlamasına görə, Azərbaycanın hazırda tutduğu mövqe Rusiyanı müəyyən mənada qane edir. ABŞ də bu mövqe ilə razıdır. Rəşidoğlunun fikrincə, bölgədəki neft-qaz resursları, Xəzər hövzəsi, bizim ölkənin Mərkəzi Asiyaya keçid dəhlizi olması baxımından Azərbaycan ABŞ ilə əməkdaşlıq edir, beynəlxalq siyasət sahəsində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi ABŞ-nin yanındadır, antiterror əməliyyatlarında fəal iştirak edir: 

“Odur ki, balans siyasəti narazılıq yaratmamalı idi. Lakin Zaxarovanın bəyanatından görünür ki, Rusiya hələ də Azərbaycanı özünün "arxa bağçası" hesab edir və Cənubi Qafqaza kənardan müdaxilə etmək cəhdlərini xoşlamır, onunla razılaşdırılmamış addımlara badalaq atmağa çalışır. Yəni Rusiya Birləşmiş Ştatlara anlatmaq istəyir ki, "Cənubi Qafqaz mənim patronajlığıma daxildir və bu ərazinin problemlərinə görə mən cavabdehəm”. Əslində, Rusiya Ermənistan sərhədlərinə nəzarət edir. Ermənistan-İran sərhədini də məhz Rusiya qoşunları qoruyur. 1992-ci ildən bəri Ermənistanın həm Türkiyə,  həm də İranla olan sərhədlərini Rusiya ilə müqaviləyə əsasən rus hərbçiləri qoruyur. Kremlin digər məqsədi gələcəkdə açılacaq Zəngəzur dəhlizini indidən öz nəzarətinə götürməkdir. 10 noyabr 2020-ci ildə imzalanan Bəyannamədə də göstərilib ki, Laçın dəhlizi açılanda onun təhlükəsizliyinə Rusiyanın sərhəd qoşunları nəzarət edəcək. Üstəlik, bu sənədin altında Ermənistanın Baş naziri Nikol Paşinyanın imzası var. Ona görə də bu qoşunlarının oradakı fəaliyyətinin qarşısını almaq üçün Ermənistanın heç bir hüquqi əsası yoxdur. Rusiya isə gələcəkdə ola biləcək istənilən proseslərdə bu cür mövqe ortaya qoyur”.

 Zəngəzur dəhlizinin həssas məsələ olduğunu xatırladan siyasi şərhçi  bu ərazinin İranla həmsərhəd olmasına xüsusi diqqət çəkib:
 “Rusiya orada gedən proseslərə nəzarət edə biləcək. Ermənistan isə  Qərb qoşunlarını hansısa formada sərhədə gətirmək istəyir. Təbii ki, Kreml buna imkan vermək istəmir. Azərbaycan öz sərhədlərini özü qoruyur. Bizim nə Rusiyanın, nə də ki Qərbin bu müstəvidə yardımına ehtiyacımız var. Paşinyan ölkəsini beynəlxalq güclərin poliqonuna çevirir. Bu artıq ermənilərin problemidir. Bakı ilə heç kəs şantaj dilində danışa bilməz”.