Ermənistan indi də Belarusla tarana gedir -RƏY

Rusiya dəftəri birdəfəlik bağlanıb

 
 Bir qədər əvvəl Belarusun Ermənistandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyaçılar diplomatik korpusun binasını yumurta, kartof, pomidor “atəşinə” tutublar. Məlumata görə, aksiyaya səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun ötən gün “ermənilər bizdən başqa kimə lazımdır?!” açıqlaması olub. Əslində, bu, Belarusun Ermənistana qarşı ilk "jesti" deyil. Rəsmi Minsk bundan əvvəl də İrəvana qarşı oxşar addımlar atıb. Və aydın məsələdir ki, bu, həm də Moskvanın mövqeyidir. Aleksandr Lukaşenkonun açıqlaması Ermənistan cəmiyyətində “bomba” effekti yaradıb və ona qarşı ən müxtəlif cəbhələrdən hücumlar, aşağılamalar müşahidə olunmaqdadır. Xüsusilə, Belarus Prezidentinin ölkəsinin Rusiya ilə bir qayıqda olduqlarını, o qayıqdan düşənin boğulacağını deməsi hay cəmiyyətində “təlatümə” səbəb olub və kəskin reaksiya doğurub.
Prezidentin sözlərindən qəzəblənən bir qrup erməni və Respublika Uğrunda Partiyasının nümayəndələri səfirlik binasının qarşısına toplaşıblar. Etirazçılar Ermənistanın Belarusla diplomatik əlaqəni kəsməsinə dair şüarlar səsləndiriblər.
 
Siyasi şərhçi Tural İsmayılovun sözlərinə görə, Belarus və Ermənistan arasında münasibətlər tarana gedir: 

“Ermənistan Baş naziri Nikol Paşinyanın SOROS-çu hakimiyyətinin Rusiya ilə bərabər Belarusa qarşı da münasibətləri kəskin şəkildə pisləşdirməsi tendensiyası müşahidə edilir. Paşinyan komandası Ermənistanda Belarusa ictimai nifrəti artırmaq üçün əlindən gələni edir. Bunun fonunda deyə bilərik ki, Belarusun Ermənistandakı səfirliyinin qarşısında keçirilən aksiyalar hakimiyyət qüvvələri tərəfindən koordinasiya edilmiş planlı təxribatdır”.
T.İsmayılov vurğulayıb ki, Minsk rəhbərliyi bunu yaxşı görür və atılan addımlara kəskin cavab verməsi istisna deyil: “Prezident Aleksandr Lukaşenko Ermənistanın indiki hakimiyyətinin Qərbin əlində oyuncağa çevrildiyini hər zaman çəkinmədən qeyd edir. Hətta Belarusun Ermənistandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırıla bilər”.

 Politoloq Xəyal Bəşirov isə hesab edir ki, son zamanlarda Ermənistan təhlükəli oyunlar oynamağa çalışdığı üçün Rusiya ilə münasibətləri pozulub. Onun sözlərinə görə, rəsmi İrəvanın bütün istiqamətlərdə təhlükəsizliyini təmin edən Rusiyadan üz döndərməyə cəhd göstərməsinin və aşkar şəkildə Qərbyönümlü siyasət ortaya qoymasının Kremlin qəzəbinə tuş gələcəyini hər kəs bilirdi:

 “Ermənistan bu gün birbaşa olaraq Rusiyaya cavab verməyə çəkinir. Ona görə də Belarus vasitəsilə bu addımı atırlar. Düşünürəm ki, Ermənistanla Belarus arasındakı münasibətlərin normallaşdırılmasının təşəbbüskarı da məhz İrəvan hakimiyyəti olmalıdır. Amma bunun yaxın zamanda baş verəcəyini gözləmirəm. Ən azından Azərbaycanla Ermənistan arasında münasibətlər tam normallaşana və tərəflər arasında sülh müqaviləsi imzalanana qədər bunun baş verməsi inandırıcı deyil. Buna baxmayaraq, gələcəkdə həm Rusiya, həm də Belarusla münasibətlərini normallaşdırması Ermənistanın özünün dövlətçilik maraqlarına xidmət edir".