Toğrul İsmayıl: İsrail-İran qarşıdurması daha geniş coğrafiyaya yayılır

ABŞ-dəki prezident seçkisi prosesin əsas qırılma nöqtəsi ola bilər
 
 
 İsrailin İrana hücum planı ilə bağlı xəbərlərin yayılmasından sonra ABŞ Prezidenti Co Bayden bu məsələni müzakirə etmək üçün İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb. Benyamin Netanyahu Co Baydenə İrana hücum qərarı ilə bağlı məlumat verib və hücumun İrana təsirini şərh edib. Mənbələrin məlumatına görə, ABŞ İsrailin reaksiyasının məhdudiyyətlərini müəyyən etmək istəyir. Onlar bildirib ki, Vaşinqton İsrailin hücumunun mühüm və təsirli hədəfləri ehtiva etdiyinə əmin olmaq istəyir, ancaq həddindən artıq gərginlikdən yayınır. İsrailin müdafiə naziri ABŞ-yə səfəri təxirə salıb. Səbəb kimi bu ölkənin İranın hücumuna cavaba hazırlaşdığı deyilib. Bəzi qeyri-rəsmi məlumatlara görə, İsrailin müdafiə naziri Qallantın ABŞ-də olduğu müddətdə İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırır. İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə deyib ki, İsrail İrana hücum etsə, Təl-Əvivə sərt cavab veriləcək: “Bu andan etibarən İranın sağlam düşüncəyə sadiq qaldığı dövr bitdi. Sionist rejim İrana hücum edərsə, sərt hərbi cavab alacaq. İran müharibənin yayılmasını istəyən ölkə deyil. Livan və Fələstində atəşkəs istəyirik, lakin bu ölkələrin və insanların hüquqlarının qorunması şərti ilə”.

Ankara Universitetinin professoru Toğrul İsmayıl "Sherg.az"a deyib ki, İsrail-İran arasında gərginlik artmaqdadır. Professorun sözlərinə görə, artıq tərəflər arasında elan edilməmiş müharibə gedir:

 "Həm İsrail, həm də İran bir-birinin ərazilərini hədəf alan hücumlar təşkil edirlər. Bu da artıq müharibə deməkdir. Əlbəttə, Türkiyə və digər region ölkələri Yaxın Şərqdə gedən proseslərdən, İsrail-İran qarşıdurmasından çox narahatdırlar. Səbəbi qarşıdurmanın daha geniş coğrafiyaya yayılma ehtimalıdır. İsrailin Qəzzadan sonra Livana hücum etməsi də bunun göstəricisidir. Suriyanın müəyyən bölgələri də hədəf alınıb. Yəni miqyas genişlənməkdədir. Fransanın Livan üzərində təsiri olduğuna görə, həmin ölkənin hədəf alınması Parisin narazılığına səbəb olur".

 T.İsmayıl vurğulayıb ki, İran-İsrail qarşıdurmasının miqyasının genişlənməsi, savaşın başqa bölgələrə sıçraması olduqca təhlükəli və risklidir: 
"Birbaşa olmasa da, gərginliyin dolayı yolla Cənubi Qafqaz regionuna da təsiri var. Bəzi dairələrin Azərbaycan-İsrail arasındakı siyasi-iqtisadi əlaqələrə etiraz etməsi də nəzərdən qaçmamalıdır. Amma düşünürəm ki, ABŞ-dəki prezident seçkisi prosesin əsas qırılma nöqtəsi ola bilər. Seçkidən sonra Yaxın Şərqdə yaşananların yenidən təhlil edilməsi gündəmdədir".