AKP istəsə də, istəməsə də, bu, mümkün deyil
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib ki, Konstitusiyanın toxunulmaz ilk dörd maddəsindən üçüncüsü dəyişdirilməlidir. Onun bu açıqlaması ölkədə rezonans doğurub. Türkiyənin azadlıq mübarizəsindən sonra müstəqilliyinin ilk zamanlarından qəbul olunan Konstitusiyada ilk dörd maddənin dəyişməz olduğu konkret şəkildə vurğulanır. Bu səbəbdən təklif Türkiyə ictimaiyyətinin sərt reaksiyasına səbəb olub. Əslində, Kurtulmuşun təklifi ilk dəfə gündəmə gəlmir. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarı son 10 ildir Türkiyədə ümumi mənada konstitusiya ilə bağlı dəyişikliyə ehtiyacın olduğunu dilə gətirir, amma tamamilə yanlış anlaşılır.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Türkiyə Cümhuriyyətinin Konstitusiyası 1924-cü il 20 aprel tarixində TBMM-də qəbul edilib. Bununla belə, konstitusiya bir neçə dəfə, özü də qanunsuz şəkildə, xalq iradəsi olmadan dəyişikliyə məruz qalıb. Onun sözlərinə görə, bu hadisə Türkiyə Silahlı Qüvvələrinin 1960 və 1980-ci illərdə iki hərbi çevrilişindən sonra baş verib:
"1971 və 1997-ci illərdə isə TSQ hökuməti istefaya məcbur edib. Mövcud AKP hakimiyyəti, əslində bunu əsas gətirərək Konstitusiyada dəyişikliyin olmasını təklif edir. Bununla belə nə olursa-olsun, Türkiyə konstitusiyasının ilk 4 bəndi dəyişdirilə bilməz. AKP istəsə də, istəməsə də, bu, mümkün deyil. Yeni konstitusiya məsələsində qeyri-adi heç nə yoxdur. Əslində, Türkiyə tarixinə baxdıqda qanunların dəyişdirilməsi o qədər də qeyri-adi hadisə deyil. Məsələn, Osmanlı şəriət əsaslı dövlət olsa da, dünyəvi qanunları Osman Qazi və Orxan Qazi dövründən qəbul edilməyə başlayıb. Bu qanunlara Fateh Sultan Mehmetə qədər hakimiyyətdə olan sultanlar yenilərini əlavə edib. Fateh Sultan Mehmetin İstanbulu fəthindən sonra başda vərasət qanunu olmaqla, qanunlar əsaslı surətdə yenilənib. Onun oğlu İkinci Bəyazid isə bu qanunları daha da təkmilləşdirib. “Qanuni” ləqəbli Sultan Süleyman dövrün tanınmış üləmalarından Əbusuud Əfəndi ilə birlikdə qanunları yenidən əsaslı surətdə təkmilləşdirərək yeniləyib. Daha sonra isə Sultan I Əhməd yenidən vərasət qanunu başda olmaqla, dəyişiklik edib. 18-19-cu əsrlərdə isə III Əhməd və I Mahmud, III Səlim, II Mahmud kimi sultanlar Osmanlının ilk rəsmi konstitusiyası olan “Qanuni əsasi”nin bazasını formalaşdıran qanunları qəbul edib".
T.Rzayev söyləyib ki, sultan II Əbdülhəmid dövründə 1878-ci ildə Osmanlının ilk konstitusiyası olan “Qanuni əsasi” qəbul edilib:
"Bu konstitusiya 1924-cü il 20 aprel tarixində TBMM-də qəbul ediləcək konstitusiyanın əsasını təşkil edir. Türkiyə konstitusiyanın qəbulundan 100 ilə yaxın müddət keçib və təbii olaraq reallıqlar, cəmiyyət, siyasət, həmçinin geosiyasi vəziyyət dəyişib. Dünyada yeni tendensiyalar var. Belə olan təqdirdə Türkiyə konstitusiyasının dəyişdirilməsi təklifi də başadüşüləndir. Lakin ilk dörd maddə heç bir halda dəyişdirilə bilməz. N.Kurtulmuşun dediyi kimi, ifadə dəyişikliyi edilə bilər".