Rusiya ilə İranın bir-birinə indi hava-su kimi ehtiyacı yaranıb -RƏY

Ona görə də bu yaxınlarda Zəngəzur dəhlizinə görə aralarında yaranmış fikir ayrılığını da çox tez unutdular


  İran Prezidenti Məsud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin Aşqabadda keçirilən görüşdə neft-qaz və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə əlavə stimul verməyə razılaşıblar. Pezeşkian deyib ki, Rusiya prezidenti ilə danışıqları olub və təxminən bir saat davam edib: "Söhbət yenidən Rusiya ilə bağladığımız sazişlər və müqavilələrdən getdi. Bizim konstruktiv qarşılıqlı əlaqəmiz var. Biz qaz, yol və dəmir yolu tikintisi, suyun şirinləşdirilməsi və enerji, neft-kimya, elektrik təchizatı sahələrində digər layihələrin həyata keçirilməsini sürətləndirməyə razılaşdıq". İranın dövlət başçısı əlavə edib ki, Tehran İslam Respublikasının qonşuları ilə bütün razılaşmaların yerinə yetirilməsi sayəsində sanksiyaların mənfi təsirini əhəmiyyətli dərəcədə azalda biləcək. Ölkə başçıları həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Qeyd edək ki, Putin və Pezeşkianın danışıqları “Zamanlar və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülh və inkişafın əsasıdır” beynəlxalq forumu çərçivəsində keçirilib.

  Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, indi bu iki liderin və onların təmsil etdikləri ölkələrin bir-birinin köməyinə həmişəkindən daha çox hava-su kimi ehtiyacları var. Analitikə görə, biri Ukrayna ilə savaşda, digəri isə İsraillə mübarizədə küncə sıxışıb:

 "Rusiya və İran aralarındakı bütün ixtilaflara baxmayaraq, bu gün bir-birinin ayaqda qalmasına yaxından kömək edirlər. İran və Rusiya prezidentləri Məsud Pezeşkian və Vladimir Putin bu gün Türkmənistanda keçirilən beynəlxalq ədəbi forum çərçivəsində görüşüb və uzun danışıqlar aparıb. 
Maraqlıdır, deyilmi? Rusiya və İran liderləri hər ikisi də Aşqabadda keçirdikləri görüşün nəticələrindən razı qalıblar, əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü bildiriblər. Pezeşkian isə hətta bir qədər də irəli gedərək İran və Rusiyanın  qarşılıqlı və bir-birini tamamlayan yaxşı potensiala malik olduğunu, Tehran və Moskvanın bütün məsələlərdə bir-birinə kömək edə biləcəyini bildirib və deyib ki, “bizim mövqelərimiz dünyadakı digər dövlətlərdən daha çox bir-birinə yaxındır”. Bu, Pezeşkianın İran adına açıq etirafıdır. İran və Rusiya indi həm ayaqda qalmaq üçün, həm də geosiyasi ambisiyalarını həyata keçirmək üçün səylərini daha da sıx birləşdirmək əzmindədir. Ona görə də bu yaxınlarda Zəngəzur dəhlizinə görə aralarında yaranmış fikir ayrılığını da çox tez unutdular. Görünən budur ki, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyaya nəzarət uğrunda mübarizə yeni fazaya daxil olur. Bu, Qərblə Çin-Rusiya-İran üçlüyünün mübarizəsinin ən ağır və həlledici mərhələsidir. Qarşıdan isə BRICS sammiti gəlir".