Ermənistanda istefalar ləngiyən islahatların nəticəsidir -Analitik

Ölkə Paşinyanın timsalında sistemli dövlət qura bilməməyin çətinliklərini yaşayır


  Ermənistanda son ardıcıl istefaların səbəbləri məlum olub. Erməni mediası son proseslərin istefa deyil, “təmizləmə” olduğu haqda məlumat yayıb. Bildirilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətdəki rusyönlüləri təmizləmək qərarı verib. Nikol Paşinyan iki gün öncə “Elektrik enerjisinin keyfiyyəti ilə bağlı problemlər və onların həlli imkanları” mövzusunda müzakirə keçirib və bu sahədə çatışmazlıqları gündəmə gətirib. Əsas hədəf Rusiyadan çox asılı olan bu sistemi mümkün qədər “milliləşdirmək”dir. Bu müzakirələrdən sonra Dövlət Xidmətlərinin Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan, ərazi idarəetmə nazirinin müavini Akop Vardanyan və iqtisadiyyat nazirinin müavini Narek Teryan işdən çıxarılıb. Sonuncu nazir müavini təyin olunana qədər Rusiyada müxtəlif vəzifələr tutub. Ermənistanda işlədiyi müddətdə isə qatı ruspərəst mövqe sərgiləyib. 
 
 Siyasi icmalçı Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ermənistanda hakimiyyət kürsülərindən istefaları ilk baxışda Nikol Paşinyan administrasiyasının ləngiyən islahatlarının nəticəsi kimi qiymətləndirmək olar. Ancaq bu fikir istefaların məğzini və dəqiq səbəblərini tam açıqlamır: 

"İstefaların trayektoriyasını başa düşmək üçün həm də prosesə Paşinyanın Rusiyaya səfəri ərəfəsində və səfərdən sonrakı norması prizmasından baxmaq lazımdır. Əgər istefaların siyahısı Kremlin məxfi seyfində hazırlanıb Paşinyana təqdim edilibsə, bu, İrəvanın Moskva maraqlarına təsirli qayıdışı kimi şərh oluna bilər. Lakin Ermənistanın Rusiya normalarına doğru irəliləyişinin davamlı olacağı açıq sual olaraq qalmaqdadır. Hətta fərz etsək ki, bu istefalar Rusiya amili ilə əlaqəlidir, yenə də Paşinyanın Qərbə meylini gücləndirə biləcəyi yüksək ehtimal olaraq qalmaqdadır. Hər halda istefalar Ermənistanın Paşinyanın timsalında sistemli dövlət qura bilməkdə çətinliklə qarşılaşdığının nümunəsidir".