Təbliğat dönəmində Donald Tramp daha ağıllı işlədi
Harris seçki günündən qabaq Trampın tərəfdarlarını zibil adlandırmışdı
ABŞ-də keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, respublikaçı Donald Tramp ümumi ştatlar üzrə 66 milyon 637 min 292 səs toplayıb, onun demokrat rəqibi, vitse-prezident Kamala Harris isə 61 milyon 679 min 727 səs yığıb. 26 ştatda qələbəsi təsdiqlənən Tramp prezident seçilməsi üçün lazım olan 270 səsdən 266-sını toplayıb, Harris isə 19 ştatda qalib gəlib və 214 səsi var. Respublikaçıların prezidentliyə namizədi Donald Tramp artıq qələbəsini elan edib və ABŞ-nin 47-ci Prezidenti olduğunu, tarix yazdıqlarını deyib: "Məni seçdiyiniz üçün sizə təşəkkür edirəm. Bu qələbə Amerikanı yenidən böyütməyə kömək edəcək". Tramp tayı-bərabəri olmayan qələbə qazandığını bəyan edib. O, bütün problemləri həll edəcəyinə də söz verib. ABŞ üçün "qızıl dövr" vəd edən Donald Tramp Senata nəzarəti bərpa etdiklərini vurğulayıb. Tramp ötən prezidentliyi dövründə “İŞİD-i yox etməkdən başqa hər hansı bir müharibəyə başlamadıqlarını” xatırladıb: “Mən müharibələri bitirmək istəyirəm”. ABŞ Nümayəndələr Palatasına keçirilən seçkilərdə Respublikaçılar Partiyası demokratları qabaqlayıb. Respublikaçılar Partiyası Nümayəndələr Palatasında 163, Demokratlar Partiyası isə 108 yer qazanıb. "CNBC" nəşri iddia edib ki, Ukraynada müharibə ilə bağlı gələcək danışıqlara dair müzakirələr 2025-ci ilin ilk aylarında başlaya bilər: "Tramp administrasiyası və sərt respublikaçılar Ukraynaya daha çox hərbi yardım göstərilməsinin əleyhinə ola bilər ki, bu da onun Rusiya ilə mübarizəni davam etdirmək qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədər. Ukrayna üçün həlledici amil seçkilərdən sonra Konqresdə demokratların, yoxsa respublikaçıların üstünlük təşkil edəcəyidir. Bu, gələcək prezidentin nə qədər səlahiyyətlərə sahib olacağı, Ukraynaya dəstək və ya dəstəyi nə dərəcədə əngəlləyə biləcəyi ilə bağlı əsas amildir". İş adamı İlon Mask seçkilərinin nəticələrini Trampla birlikdə izləyib. Bildirilib ki, Mask Trampın Floridadakı iqamətgahında keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcək. Ekspertlərə görə, bu tədbirlər Maskın Tramp və onun dəstəkçiləri ilə yaxın münasibətini bir daha nümayiş etdirir və seçkilərdən sonra siyasi sferada mümkün əməkdaşlıqlara işarə edir.
Trampın qələbəsinə dünyadan reaksiyalar gecikməyib. İsrailin Baş naziri Benyamin Netanyahu Donald Trampı “tarixdə ən böyük qayıdış” etdiyinə görə təbrik edib. Netanyahu, Trampın qayıdışını Birləşmiş Ştatlara “yeni başlanğıc və İsraillə müttəfiqliyə güclü sadiqlik” təmin edəcəyini ümid etdiyini bildirib. İtaliyanın Baş naziri Meloni də Trampı prezidentlik yarışında qələbəsi münasibətilə təbrik edib. Meloni, "Trampı ən səmimi təbriklərimizi bildiririk. Bizim ABŞ ilə strateji bağımız var və indi əminəm ki, onu daha da gücləndirəcəyik" deyib. İngiltərə Baş naziri Key Starmerin ABŞ seçkiləri ilə bağlı açıqlaması gecikməyib: "Seçkilərdəki tarixi qələbəniz münasibətilə seçilmiş Prezident Trampı təbrik edirəm. Növbəti illərdə sizinlə işləməyi səbirsizliklə gözləyirəm. "Ən yaxın müttəfiqlər olaraq, azadlıq, demokratiya və sahibkarlıq kimi ümumi dəyərlərimizi müdafiə etmək üçün çiyin-çiyinə dayanırıq". NATO lideri Mark Rutte prezident seçkilərində qalib gəlməsindən sonra Trampı təbrik edib. Rutte təbrik bəyanatında deyib: "Mən indicə Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik etdim. Onun rəhbərliyi Alyansımızın möhkəm olmasında yenə də əsas rol oynayacaq. “Mən onunla NATO vasitəsilə yenidən işləməyi səbirsizliklə gözləyirəm". Avstriya kansleri Karl Nehammer də Trampı təbrik edib: "Birləşmiş Ştatlar Avstriya üçün mühüm strateji tərəfdaşdır. Qlobal çağırışları birlikdə uğurla həll etmək üçün transatlantik əlaqələrimizi daha da genişləndirməyi və gücləndirməyi səbirsizliklə gözləyirik”. Trampın seçilməsinə İrandan da reaksiya gəlib. Hökumət sözçüsü Fatimə Mühacirani deyib ki, ABŞ prezident seçkilərinin birbaşa bizə heç bir aidiyyəti yoxdur. Amerika-İran siyasətinin ümumi vektoru dəyişməz olaraq qalacaq: “Vaşinqtonun gələcək xarici siyasəti ilə bağlı lazımi proqnozlar artıq verilib və ABŞ seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, sadə iranlıların həyatında heç nə dəyişməyəcək”.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib ki, ABŞ-dəki prezident seçkisinin nəticələrini sürpriz hesab etmir. Partiya rəsmisi qeyd edib ki, ümumiyyətlə, ABŞ seçkilərində sürpriz nəticə olmur:
"Seçkilər iki rəqib, iki əsas partiya arasında gedib. Belə demək mümkünsə, Amerikada seçkilər seçilmişlər arasında gedir. ABŞ-də "demokratiya" adı altında aristokratiyadır. Təsadüfi adam, sistemdən kənar adam ABŞ-də heç zaman prezident ola bilməz. Amerika qurulandan bu sistem tətbiq olunur. Kamala Harrisin namizədliyi açıqlanan zaman demokratların şansı yüksək dəyərləndirməyə başlandı. Tramp əvvəlki namizəd Co Baydeni xeyli qabaqlayırdı. Sonra K.Harris Trampı rəy sorğularında və debatlarda üstələdi. Amma son günlərdə Tramp üstünlüyü ələ aldı və Harrisi keçdi. Harris seçki günündən qabaq Trampın tərəfdarlarını zibil adlandırmışdı. Məncə, bu yanaşmanın da seçkinin nəticələrinə təsiri olub. Tramp Harrisin təhqirinə cavab olaraq təmizlik işçilərinin paltarını geyinərək zibildaşıyan maşın sürdü. Bu, Harrisə qarşı qara piar oldu. Yəni təbliğat dönəmində Donald Tramp daha ağıllı işlədi. Əlbəttə, bu təkcə Trampın yox, onun komandasının uğurudur. Nəticədə Trampı qalib edə bildilər".
Analitik vurğulayıb ki, amerikalılar Trampın birinci prezidentlik dönəmini unutmayıblar:
"Onun rəhbərliyi dönəmində ABŞ iqtisadiyyatı son illərin ən yaxşı sıçrayışını yaşamışdı. Tramp biznesmen olduğu üçün əsasən daxili siyasətə, iqtisadiyyata önəm verirdi. Özü də bunu fəxrlə deyirdi. Bildirirdi ki, onun dönəmində Amerika heç kimlə müharibə etməyib. İndi də deyir ki, pullar-paralar ABŞ-nin daxilində xərclənəcək. Sadə amerikalılar üçün əsas məsələ İsrailin "vəd olunan torpaqlara sahib olması" deyil, Ukraynanın müharibədə mütləq qalib gəlməsi, Tayvanın "müstəqilliyi"nin tanınması deyil. Amerikalılar üçün əsas məsələ gəlirləri, benzinin qiyməti, sosial müavinət və sairdir. Trampa bunlara oynadı və qalib gəldi. Aydındır ki, o, daxili siyasətə önəm veriləcək. Xarici siyasətdə isə Rusiya-Ukrayna arasında atəşkəsə nail olmağa səy göstərəcək. Ancaq ABŞ-də təkcə prezident heç nəyi həll etmir, onun səlahiyyətləri məhdudiyyətlidir. Respublikaçılar hər yerdə üstün olsalar belə prezident hesablaşmalıdır. Ən azından öz partiyası daxilində hesablaşmalı, razılaşmalıdır. Respublikaçılar arasında Trampı istəməyənlər, onu məcburən irəli sürənlər var".
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də bildirib ki, vaxt var idi keçmiş adı "Twitter" olan platforma iki gündən bir Donald Trampın tvitlərini bloklayırdı, kefləri istəyəndə onun mesajlarını "qaydalara ziddir" ittihamı ilə silirdilər. Hətta bir ara onun paylaşımını deyil, ümumiyyətlə, hesabını yerli-dibli silmişdilər:
"Yəni zamanında "Twitter", o cümlədən başqa sosial media qurumları Trampa yetərincə maneçiliklər ediblər. Zaman yetişdi və İlon Mask "Twitter"i 40 milyarda aldı və adını da dəyişib "X" qoydu.
"X" və "X"-in yeni sahibi İlon Mask bu seçkilərdə Trampa hədsiz köməklik göstərdi. Görünən bu oldu ki, sanki "Tvitter" elə X günü üçün, Trampın seçkisinə dəstək üçün alınmışdı. İlon Maskın məşhur tvitləri, verdiyi 120 milyon ianə, digər milyarderləri bu prosesə təşviq etməsi, seçki qərargahından verdiyi mesajlar Trampın qalib gəlməsində əhəmiyyətli rol oynadı. Beləliklə, zamanında Trampa zərbə vuran bir sosial resurs 4 il sonra başqa adla və başqa sahiblə onun yenidən prezident seçilməsində böyük rol oynadı".