Lyayen də Azərbaycana qarşı olan qüvvələrin axarına düşüb -ANALİZ

Avropa Komissiyası reallıq hissini itirir


Avropada aparılan təbliğat gündən-günə güclənməkdədir və bu təbliğat təsirsiz ötüşmür


  COP29 kimi mötəbər və dünya əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi bir sıra qərəzli beynəlxalq təşkilatları və riyakar diplomatları da ciddi narahat etməkdədir. Azərbaycanın uğurlarından qıcıqlanan şəxslərdən biri də Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Lyayendir. Onun COP29-la bağlı son bəyanatı da buna bariz nümunədir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen 2024-cü ilin noyabrın 11-dən etibarən Bakıda keçiriləcək COP29 iqlim sammitinə qatılmayacaq. Onun ofisindən verilən məlumata görə, Ursula fon der Lyayenin bu tədbirdə iştirak etməməsinin səbəbi Brüsseldəki mühüm siyasi öhdəliklərdir. O, dekabrda başa çatacaq yeni Komissiya heyətinin formalaşdırılması və təsdiqlənməsi üzərində işləyir. Ursula fon der Lyayenin COP29 sammitinə qatılmaması Avropa İttifaqının iqlim dəyişikliyi məsələlərinə yanaşmasında ciddi suallar doğurur. Lyayenin bu mühüm beynəlxalq tədbirdə iştirak etməməsi, Avropa İttifaqının bu məsuliyyətləri gözardı etdiyini düşündürür. Bu qərar, onun və rəhbərlik etdiyi qurumun, bəşəriyyətin gələcəyini təhlükəyə ata biləcək iqlim dəyişikliyi kimi ciddi problemləri ciddiyə almadığını göstərir. Dünya, xüsusilə Avropa İttifaqı kimi böyük çirkləndiricilərdən iqlim maliyyəsi və ətraf mühitin qorunması ilə bağlı daha böyük öhdəliklər gözləyərkən, Avropa İttifaqı bu məsələlərdən qaçır. Aİ COP29 sammitində iştirak etməyərək beynəlxalq ictimaiyyətə qarşı etinasızlıq nümayiş etdirir. COP29-da iştirak etməmək Avropa İttifaqının qlobal ekoloji və iqtisadi ədalət məsələlərində ciddi addım atmadığını göstərir. Avropa İttifaqı, bu sammitdə iştirak etməməklə, həm özünün, həm də digər ölkələrin ekoloji və iqlim sahəsindəki öhdəliklərinə qarşı məsuliyyətsiz yanaşır. Bu isə Aİ-nin uzun müddət ərzində iqlim dəyişikliyi ilə bağlı etibarını zədələyə bilər. Avropa İttifaqının bu yanaşması onun qlobal iqlim problemlərinə ciddi yanaşmadığını və yalnız öz maraqlarını ön planda tutduğunu göstərir. İqlim dəyişikliyi ilə mübarizə, həm ekoloji, həm də sosial ədalət məsələsi olduğundan Aİ-nin məsuliyyətdən yayınması ciddi narahatlığa səbəb olur. 
 
 Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Ursula fon der Lyayenin Bakıya səfəri və imzalanan memorandum Avropa İttifaqında müəyyən dairələr tərəfindən və Avropa Parlamentinin deputatlarının bir hissəsi tərəfindən çox ciddi narazılıqla qarşılanmışdı və onu kəskin tənqid eləmişdilər. Ekspertə görə, onun COP29 tədbirində iştirak etməməsinin səbəblərindən biri bu ola bilər:

 "Təəssüf ki, Azərbaycan əleyhinə Avropada aparılan təbliğat gündən-günə güclənməkdədir və bu təbliğat təsirsiz ötüşmür. Hətta Lyayen kimi yüksəkvəzifəli məmurlar da formalaşmış uydurma rəylə hesablaşmalı olurlar. İstənilən halda Lyayenin COP29-da iştirak etməməsi bizim üçün xoş olmayan xəbərdir. Çox istərdik ki, Azərbaycana yaxşı münasibəti olan Avropa İttifaqının rəhbərlərindən biri kimi Ursula fon der Lyayen də COP29-a qatılsın. Xüsusən nəzərə alsaq ki, COP29 dünya əhəmiyyətli mötəbər tədbiridir, o zaman hansısa komissiyanın yeni heyətinin formalaşması kimi məsələ bu mühüm tədbirə qatılmamaq üçün bəhanə sayıla bilməz. Ancaq reallıq budur. Azərbaycanı qəbul etməyən, ölkəmizə pis münasibət bəsləyən ölkələr də mövcuddur. Lyayenin Bakıda keçiriləcək tədbirə qatılmaması Azərbaycana düşmən mövqeyində duranları sevindirəcək. O düşmənlər sadəcə ölkəmizdən kənarda deyil, əfsuslar ki, öz içimizdə də var".