Trampın yeni təyinatlarının İsraillə bağlı baxışlarına “İrana qarşı müharibə” də daxildir
"Donald Trampın xarici siyasət üzrə təyinatları qarşıdakı 4 ildə Vaşinqtonun strategiyasının İsrail və Hindistan ətrafında qurulacağını göstərir".
Bu barədə "Sherg.az"a politoloq Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, yeni təyinatların İsraillə bağlı baxışlarına “İrana qarşı müharibə” də daxildir:
"Sual budur ki, “müharibələr dayanacaq” devizi ilə seçilən Tramp hökuməti Səddamı devirən Buş hökuməti kimi Yaxın Şərqə yeni bir “səlib yürüşü” təşkil edəcəkmi? Hər halda, yanvara kimi nüvə silahını əldə edə bilməsə, İranı çox çətin keçəcək 4 il gözləyir. Amma İsrailin yeni xarici işlər naziri Gideon Saar da daha böyük hədəflərdən danışır. Vəzifəyə təyinatı ilə bağlı ilk çıxışında Saar öz dövlətini qura bilməyən kürd xalqını İsrailin təbii müttəfiqi adlandıraraq, yeni dövrdə kürdlərlə əlaqələrin inkişaf etdiriləcəyini bəyan edib. Saar deyib ki, 4 fərqli ölkədə etnik azlıq kimi yaşayan kürdlər İraq və Suriyada muxtariyyət əldə etsələr də, hələ də İran və türk aqressiyasından qurtula bilməyiblər, buna nail olmaq üçün kürdlərə siyasi və hərbi dəstək yollarını axtaracaqlar".
Analitik qeyd edib ki, Saar rəsmi olaraq Yaxın Şərqdə kürd dövlətinin yaradılmasını İsrailin xarici siyasət hədəfi kimi bəyan edir:
"Aydındır ki, İrana qarşı münaqişədə kürd faktorundan da istifadə edilməsi planlaşdırılır. Lakin belə bir ssenari qaçılmaz olaraq, eyni təhdidlə üzləşən Türkiyəni İrana yaxınlaşdıracaq. Bu isə regional mənzərəni müəyyən edən çox önəmli və bir o qədər də həssas balansın dəyişməsi deməkdir. Strateji baxımdan, Vaşinqton heç bir halda, Türkiyəni İranla eyni xətdə birləşdirəcək gedişata göz yuma bilməz. Hətta belə iddialar var ki, 1979-cu ilin fevralında İranda anti-amerikan şüarlarla dini rejimin hakimiyyəti ələ keçirməsi məhz il yarım sonra, 1980-ci ilin sentyabrında Türkiyədə amerikanpərəst hərbi çevrilişin əsas səbəbi olmuşdu. Vaşinqton çalxantılı dövr keçirən NATO üzvü Türkiyədə də İranda olduğu kimi anti-amerikançı bir rejimin hakimiyyəti ələ keçirməsinə imkan verə bilməzdi. Qərb üçün Türkiyə və İranın zidd cəbhələrdə saxlanılması hələ Osmanlı-Səfəvi çəkişməsindən bu yana izlənilən ənənəvi sünni-şiə ayrılığına dair strateji xəttin davamıdır. Belə olduqda, Tramp hökuməti üçün iki seçim qalır: ya ənənəvi strateji xətt pozulur və kürdlərdən istifadə olunmaqla, Türkiyə ilə İranı eyni cəbhəyə sürükləyən yeni regional balans qurulur, ya da İrana qarşı münaqişədə kürd faktoru arxa plana atılaraq Türkiyənin reaksiyası neytrallaşdırılır. Beləliklə də, İsrail ilə Türkiyə arasındakı münasibətlər yenidən yoluna qoyulur".