Proqnozlara görə, müharibə yaz aylarında danışıqlar prosesinə keçə bilər
Prezident Volodimir Zelenski bildirib ki, gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik. Ukrayna lideri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın ölkəsi ilə bağlı mövqeyinə də toxunub. Zelenskinin sözlərinə görə, Tramp deyib ki, o, Ukraynaya dəstək verilməsinə tərəfdardır və müharibəni bitirmək istəyir: "Donald Tramp administrasiyası ilə Ukrayna müharibəsi daha tez bitəcək. Şübhəsiz ki, indi Ağ Evə rəhbərlik edəcək bu komandanın siyasəti ilə müharibə daha tez bitəcək. Bu, onların yanaşması, cəmiyyətlərinə verdiyi vədlərdir və onlar üçün bu da çox vacibdir". Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Ukraynada nizamlanma ilə bağlı ABŞ-nin yeni Prezidenti Donald Trampdan təkliflər gözləyəcək. Ukrayna prezident Ofisinin müşaviri Mixail Podolyak deyib ki, Ukrayna nüvə silahı yarada bilər, amma bunun mənası yoxdur, nüvə silahı cəbhədəki vəziyyəti dəyişməyəcək: “Əgər bu, müharibənin gedişatını kökündən dəyişməyə kömək etsəydi, Kiyev bütün hüquqi və reputasiya çətinliklərinə baxmayaraq, riskə gedəcəkdi. Hələlik bu variant yalnız nəzəriyyə olaraq qalır”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ukrayna-Rusiya müharibəsi yaz aylarında danışıqlar prosesinə keçə bilər. Ekspertin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp müharibənin dayandırılması istiqamətində ciddi addımlar atmayacaq:
"Rusiya mart ayına kimi yeni ərazilər ələ keçirmək üçün hücum əməliyyatlarını intensivləşdirəcək. Avropa ölkələrinin gələn ildən Ukraynaya döyüşçülər göndərməsi istiqamətində konsensusa gəlməsi gözlənilir. Müharibə Rusiyanın üstünlüyü ilə davam edəcəksə, Avropa ölkələrinin təhlükəsizliyi təhdid altında olacaq. Avropa ölkələri Trampın Ukrayna siyasətindən narahatdır. Əgər Vaşinqton Ukraynaya lazımi hərbi dəstək göstərməsə, Avropa İttifaqı ilə ABŞ arasında münasibətlər zəifləyəcək".
Analitikin fikrincə, Ukrayna müharibəsində həlledici dövlət Böyük Britaniyadir:
"Avropa ölkələrinin Ukrayna müharibəsi ətrafında vahid şəkildə birləşməsinə Londonun mühüm addımlar atması gözlənilir. Bunun da Rusiya üçün ciddi nəticələri olacaq. ABŞ-nin formalaşdırdığı "Ramştaym" formatı özünü doğrultmadı. 50+ ölkələrini birləşdirən Ramştaym formatı Vaşinqtonun layihəsi idi. ABŞ Ukraynada müharibənin davam etməsində maraqlıdır. Ona görə də ABŞ-nin müharibənin dondurulması istiqamətində addımlar atması istisna deyil. Böyük Britaniya Ukrayna müharibəsində yeni rol alacaqsa, Rusiyanın məğlubiyyəti qaçılmaz ola bilər".