İstisna deyil ki, Ermənistanın müdafiə naziri geri döndükdən sonra Rusiyanın rəsmi şəxslərindən biri İrəvana səfər etsin
Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-yə gedib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Papikyanın Nazirliyin bir qrup üzvü ilə Vaşinqtona səfər etdiyi bildirilir.
Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ-yə səfəri ilə bağlı “Sherg.az”a açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanın müdafiə nazirlərinin hər il Vaşinqtona çağırılmaları ənənə halını alıb:
“Papikyan 2022-ci ildə ABŞ-də səfərdə olanda amerikalı həmkarı Lloyd Ostinlə görüşə bilməyib. Papikyanı həmin il Ostinin müavini Kolim Kal qəbul edib. İki ölkə hərbi təhsil sahəsində əməkdaşlıq edirlər. İl ərzində Ermənistandan bir qrup hərbçi ABŞ-yə gedərək burada hərbi təhsillərini davam etdirirlər. Ermənistan ABŞ-dən hərbi texnika ala bilmir. Birincisi, bunun üçün Ermənistanın kifayət qədər maliyyəsi yoxdur. İkincisi, Pentaqon Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyünü nəzərə alır. Baş nazir Nikol Paşinyan KTMT-ni sərt tənqid etsə də, bu təşkilata üzvlükdən imtinaya qərar verməyib. Suren Papikyanın ABŞ-yə budəfəki səfərinin əhəmiyyəti azdır. Çünki Suren Papikyanın Pentaqonda görüşdüyü şəxslər ay yarımdan sonra vəzifələri ilə sağollaşacaqlar. Əgər Suren Papikyan Trampın andiçmə mərasimindən sonra Pentaqona dəvət edilib yeni rəhbərliklə görüşsəydi, bu, İrəvan üçün daha əhəmiyyətli olardı. Hər halda Papikyan gələn il də Vaşinqtona səfər edəcəyinə ümidlidir. Kreml Suren Papikyanın Vaşinqtondakı görüşlərini diqqətlə izləyir. İstisna deyil ki, Suren Papikyan geri döndükdən sonra Rusiyanın rəsmi şəxslərindən biri İrəvana səfər etsin. Bununla Vaşinqtona qarşılıqlı mesaj göndərən Kreml də ənənəvi siyasətinə sadiq qalacaq”.