Tərəflər savaşdan yorulub: Rusiya və Ukrayna Trampın masası arxasına oturaraq razılığa gələ bilərlər

Rusiya Trampın Ukrayna ilə bağlı təkliflərini öyrənməyə hazırdır, lakin öyrənmək razılaşmaq demək deyil. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova isə Moskvanın hələ Trampdan Ukrayna böhranının həlli ilə bağlı Rusiyanın narahatlığını nəzərə alacaq təkliflər almadığını söyləyib. Zaxarova vurğulayıb ki, Putinin təkliflərinin yerdəki reallıqları nəzərə alaraq həyata keçirilməsi münaqişəyə son qoya bilər.

AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, Donald Tramp prezidentliyə namizədliyi dövründə sözügedən məsələni hakimiyyətə gəldikdən sonra bir günə həll edəcəyini söyləmişdi:

“Əlbəttə, məsələləri bir günə həll etmək Donald Trampın səlahiyyətində deyil. Amma müəyyən təkliflər var. Lakin həmin təkliflər müqasidə Ukraynadan daha çox Rusiyanın xeyrinədir. Rusiya savaşda üstün olan tərəfdir. Burada Ukraynanın məsələni qəbul etməsi çətin olacaq. Birinci növbədə təklif prosesi qəbul olunur və daha sonra danışıqlar başlayır. Təkliflər üzərində danışıqların başlaması Donald Trampın uğuru sayılacaq və Rusiyanın danışıqlara getməsi olacaq. Ukraynanı da danışıqlara məcbur etsələr, korrektələr ilə Donald Trampın bu təklifi qəbul oluna bilər. Artıq Rusiya və Ukrayna müharibədən yorulub, hər iki ölkə çətin durumdadır. Amerika da Donald Tramp da Ukrayna savaşına pul xərcləmək istəmir. Bütün reallıq fonunda Rusiya və Ukrayna Trampın masası arxasına oturaraq razılığa gələ bilərlər”.