Səlahiyyət müddəti başa çatmaqda olan Co Baydenin administrasiyası ABŞ Konqresinin təsdiq etdiyi qalan 5,6 milyard dolları Ukraynaya verməyə vaxt tapmaya bilər.
Bu barədə “Nyu York Tayms” ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
“Bu administrasiya qaldığı müddətcə hərbi yardım paketləri verməyə davam edəcəyik. Lakin 5,6 milyard dollar kifayət qədər ciddi bir səlahiyyət məsələsidir, ona görə də güman edirəm ki, bəziləri növbəti administrasiyaya veriləcək və onun sərəncamında qalacaq”, - mənbə bildirib.
Qeyd edək ki, Pentaqon rəsmiləri dəfələrlə Ukraynaya hərbi yardımın davam etdirilməsinin ABŞ-ın milli təhlükəsizlik maraqları üçün vacib olduğunu qeyd ediblər. Digər tərəfdən Respublikaçılar Partiyasının bəzi üzvləri, xüsusilə Donald Trampın tərəfdarları, Ukraynaya hərbi yardımları azaltmağı və ya dayandırmağı təklif edirlər. Trampın administrasiyaya qayıdacağı halda bu yardımların davamlılığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Tramp daha əvvəl ABŞ-ın daxili məsələlərə daha çox diqqət ayırmalı olduğunu bildirib və Ukraynaya göstərilən hərbi yardımı “ağır yük” adlandırıb.
Politoloq Oqtay Qasımov "Sherg.az"a bildirib ki, ABŞ bu müharibədə Ukraynanın əsas dəstəkçisi rolunda çıxış edir:
"Ukraynaya ən böyük yardımları da ABŞ edib. Bayden administrasiyasının xarici siyasətinin əsas konturlarından biri məhz bu savaşla bağlı olub. Üstəlik, Bayden açıq şəkildə Rusiyanın bu müharibədə məğlub edilməsi ilə bağlı bütün imkanlarını sərf edəcəyini bəyan edib. Biz bunu həm Baydenin, həm də digər ABŞ rəsmiləri, o cümlədən Müdafiə Nazirliyinin açıqlamalarından da eşitdik. Bayden administrasiyasının artıq 1 ay zamanı qalıb. Təhlükəsizlik prosesi başlanacaq. Yanvarın 20-dən sonra Tramp hakimiyyəti artıq öz səlahiyyətlərinin icrasına başlayacaq. O zamana qədər Co Bayden Ukraynaya ayrılmış yardımın qalan hissəsini də göndərməklə bağlı qərarlar alacaq. Digər tərəfdən 5,6 milyard dollarlıq vəsait konqresin müəyyən razılıqları və bürokratik əngəllərdən keçməlidir. Buna görə də mümkün variantlardan biri bu vəsaitlərin hamısının göndərilməsinin mümkün olmamasıdır. Amma 61 milyard dollarlıq ayrılmış vəsait Ukraynaya çatdırılacaq. Faktiki olaraq, ABŞ İkinci Dünya müharibəsindən sonrakı dövrdə ilk dəfə lend-liz həyata keçirir. Həmçinin bu, konqres və senatda təsdiq olunmuş qərardır".
Politoloqun fikrincə, Tramp hakimiyyətə gələndən sonra da qalan məbləğ dayandırılmayacaq:
"Trampın hakimiyyətə gəlişi Ukraynanın məğlubiyyəti deyil. ABŞ ilk növbədə öz maraqlarını düşünür və bu istiqamətdə addımlar atır. O, seçki kompaniyası dönəmində də savaşı dayandıracağına dair vədlər verib. İndi bunun gerçəkləşməsi üçün çalışır. Digər tərəfdən ABŞ bilir ki, hazırda Rusiyanı məğlub etmək üçün resurslar tam şəkildə yetərli deyil. Eyni zamanda Rusiyanın və onun arxasında duran güclərin potensialı kifayət qədər böyükdür. Trampın əsas diqqət edəcəyi tərəf Çin olduğuna görə, bir formada Rusiya cəbhəsi nisbətən ikinci plana keçir. Lakin Zelenski özü də yaxşı bilir ki, hazırkı şəraitdə Rusiyanı məğlub etmək real deyil. Məhz hansısa bir atəşkəs rejimi imzalana bilər. Əslində Ukraynanın da müəyyən torpaqları Rusiyanın nəzarətində qala bilər. Amma bu plana görə həmin ərazilər Rusiyanın ərazisi kimi tanınmayacaq. Yəni Trampın da fikri budur. Ümumiyyətlə ABŞ-ın Ukraynaya yönəlik siyasətində çox ciddi dəyişikliklər olmayacaq. Həmçinin Trampın da açıqlamalarında bunu görməkdəyik".