Qətər İsrail və HƏMAS nümayəndələrinə Qəzzada atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsinə dair sazişin yekun layihəsini təhvil verib. Bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.
Məlumatda qeyd olunub ki, yanvarın 12-də axşam Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani MOSSAD rəhbəri David Barnea və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla danışıqlar aparıb. Gecə yarısından sonra məsləhətləşmələrdə irəliləyiş əldə edilib.
Hərbi-siyasi eskpert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, artıq İsrail tərəfi və HƏMAS uzunmüddətli davam edən əməliyyatlardan yorulublar:
“Hər iki tərəf öz qüvvəsini və enerjisini sadəcə bir məsələ istiqamətində tükəndirmək istəmir. Təbii ki, İsrail və HƏMAS-ın bütün gücünü Qəzzada sərf etməsi məntiqsiz olardı. Çünki dünyada fərqli qlobal çağırışlar var və İsrail böyük məqsədlərdən çıxış edir. Buna görə də İsrailin yerinə yetirməli olduğu bir neçə məqsədləri var. Fikrimcə, İsrail üçün Qəzza münaqişəsinin bitməsinin və yeni hədəflərə fokuslanmasının vaxtı gəlib. Xüsusilə də Donald Trampın prezident səlahiyyətlərinin başlamasından sonra İsrailin İrana, Suriyaya, Livanda Hizbullaha və Yaxın Şərqdəki mövqeylərinə çatması üçün yeni qapılar açılacaq. Artıq İsrail iki ilə yaxındır davam edən Qəzza münaqişəsini bitirməyə və Donald Tramp administrasiyası ilə digər addımlarını koordinasiya etməyə səy göstərəcək. HƏMAS isə düşünür ki, İsraillə təkbaşına münaqişə aparmaq imkanları məhduddur. Buna görə də öz maraqlarından tamamilə imtina etməmək şərtiylə atəşkəs razılaşmasına ehtiyac duyur. Belə olan halda İsrailin başı digər problemlərə qarışacaq və Həmas yenidən özünün maraqları fərqli strategiyalar həyata keçirəcək. Amma təzadlı məqamlar kifayət qədər çoxdur. Məsələn, İsrail tərəfi HƏMAS-dan birbaşa tərksilah gözləyir. HƏMAS isə Fələstin dövlətinin tanınmasını və İsrailin Fələstinin işlərinə qarışmamasını tələb edir”.