Suriyaya yardım Türkiyənin öz təhlükəsizliyi üçün də vacibdir -Politoloq

Çünki rəsmi Ankara, Suriyadakı bəzi qruplaşmaları, xüsusən də PKK/PYD kimi terror təşkilatlarını özünə təhdid olaraq qəbul edir

Suriyada səfərdə olan Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın müvəqqəti hökumətin rəhbəri Əhməd əş-Şara ilə görüşüb.
Bu barədə Suriya Xarici İşlər Nazirliyinin X səhifəsində məlumat yayılıb.
Görüşdə Suriya XİN rəhbəri Əsəd Həsən əş-Şeybani, Kəşfiyyat Təşkilatının rəhbəri Enes Xəttab da iştirak edib.
Görüşdə nələrin müzakirə edildiyi açıqlanmır.

Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, Türkiyə və Suriya arasında bu kimi görüşlərin zaman-zaman şahidi olacağıq:

"Suriyada yeni dövlət qurulur və bu mərhələdə ölkənin hər cür köməyə ehtiyacı var. Həmçinin təhlükəsizlik, hərbi və iqtisadi yardım məsələlərində Türkiyədən və Ərəb ölkələrindən maliyyə yardım qaçılmazdır. Çünki hesablamalara görə, Suriyanın bərpası üçün 100 milyardlarla dollar lazımdır. Hətta xalq elektrik, benzin, qida ilə bağlı problemlərlə üzləşir. Digər tərəfdən, bu dövlətə yardım Türkiyənin öz təhlükəsizliyi üçün də vacibdir. Çünki rəsmi Ankara, Suriyadakı bəzi qruplaşmaları, xüsusən də PKK/PYD kimi terror təşkilatlarını özünə təhdid olaraq qəbul edir. Türkiyə bu kimi qruplaşmaların hələ də əlində olan torpaqları Suriyaya birləşdirməyə çalışır. Bütün bunlarla yanaşa ABŞ də Suriyaya qarşı olan sanksiyaları artıq yumşaldıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu ölkələr arasında vasitəçilik rolunu oynayır. Lakin ABŞ PKK/PYD/YPG-yə qarşı hərbi əməliyyatları dəstəkləmir. MİT rəhbərinin Suriyadakı səfərində bu problem müzakirə oluna bilər".

Politoloq əlavə edib ki, ümumiyyətlə hazırkı Suriya rejiminin hakimiyyətə gəlməsində Türkiyənin xüsusi yeri var:
"Buna görə də istər-istəməz iki ölkə arasında mütəmadi olaraq təsisliklə bağlı müxtəlif təmaslar davam etdiriləcək. Eyni zamanda Suriyada enerji təhlükəsizliyi ilə bağlı çətinliklər mövcuddur. İran ölkəyə gələn enerji xətlərini bağlayıb. Rəsmi Tehran buradakı etnik və ələvi qrupları rejimə qarşı müharibəyə sürükləyir, onlara dəstək olur. Bu təşkilatların zərərsizləşdirilməsi və qarşısının alınması ilə bağlı Türkiyə ilə müəyyən danışıqların olması labüddür".