Politoloq: Yaxın Şərqdə Türkiyənin varlığı ABŞ-nin mövcudluğu deməkdir

ABŞ təhlükəsizlik rəsmiləri İsrail kəşfiyyat rəsmilərinə qoşunların iki ay ərzində Suriyadan mərhələli şəkildə çıxarılmasına başlanacağı barədə məlumat verib.
 Bu barədə “Ynet” məlumat yayıb. Bildirilib ki, İsrailin Amerika qoşunlarını Suriyada saxlamaq üçün Vaşinqtona təzyiq göstərmək cəhdləri uğurlu olmayıb. 
Qeyd edək ki, ABŞ-ın Suriyada 2 min əsgəri olduğu bildirilir. Tramp Türkiyənin böyük gücünün qarşısında 2 min əsgəri təhlükəyə atmayacağını və onları ərazidən çıxaracağını 2024-cü ilin dekabrında elan etmişdi.
Politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, Amerika Birləşmiş Ştatlarının Suriyadakı qoşunlarını ərazidən çıxarması məsələsi Donald Trampın birinci prezidentliyi dövrünə təsadüf edir:
“Yəni proses həmin vaxtdan başlayıb, lakin Tramp hakimiyyəti dövründə bunu tam bitirə bilmədi. Hazırki geosiyasi maraqlar və regional reallıqlara baxdıqda Amerikanın yenidən bu planı icra etməyə başladığının şahidi oluruq. Tramp keçmişdə yarımçıq qalan məsələni həll etmək üçün əlindən gələn hər şeyi edir. Buna təbii ki, təsir edən faktorlar mövcuddur. Birincisi yeni hakimiyyət Amerikanın dəstəklədiyi kürdlərlə münasibətləri yaxşı tutmaq istəyir. İkincisi isə Türkiyə və Amerika arasında danışıqlar zamanı müəyyən mənada razılaşmaların əldə olunmasıdır. Əsas məsələ ilə Bakıda Azərbaycanın vasitəçiliyi ilə İsrail və Türkiyə arasında Suriya məsələsinə dair razılığın baş verməsidir. Həmin razılaşmaya görə tərəflər Suriya mövzusunda biri-birilərinə qarşı təhdidvari hərəkət etməyəcəklər. Amerika iki regional müttəfiqinin Suriya ətrafında ortaq razılaşmaya gəldiyini düşünüb və tədricən qoşunları çıxarmaq niyyətindədir. Trampın buna tam nail olub-olmayacağı isə hələ dəqiq deyil. Amma ordunun çıxmasıyla hansısa boşluğun yaranacağını düşünmürəm, ortada Türkiyə faktoru mövcuddur. Türkiyə Amerikanın yaxın müttəfiqi olduğu üçün Yaxın Şərqdə Türkiyənin varlığı ABŞ-nin mövcudluğu deməkdir”.