Rusiya-Ukrayna müharibəsi daha şiddətli xarakter alacaq, çünki Çin də bu oyuna daxil olacaq
Rusiya ötən gecə Ukraynaya hücumunda 400 dron və 18 raketdən istifadə edib. Məlumata görə, hava hücumundan müdafiə sistemləri 718 hava hücumu vasitəsini zərərsizləşdirib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dronların 200-ü “Şahed” tipli dronlar olub: “Hücumların əsas hədəfi Kiyev olub. Bundan başqa, Poltava, Kirovoqrad, Sumı və Çerniqov bölgələrinə də hücumlar edilib. Kiyevdə iki nəfər həyatını itirib. Son məlumata görə, 16 nəfər xəsarət alıb”. Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb və Ukraynanın cavab zərbələri endirəcəyini bəyan edib. O qeyd edib ki, Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir: “Bu gün mən tərəfdaşlarla, xüsusən də "İstəklilər Koalisiyası" çərçivəsində dronların istehsalı və Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün əlavə maliyyə haqqında danışacağam. Məqsədlər tamamilə aydındır. Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir”. ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiya Prezidenti Vladimir Putin hər zaman rəhmli davranmağa çalışır, lakin əslində, çox yalan danışır: "Bu müharibə, əslində, olmamalı idi. Xeyli insan öldü, bu savaş bitməlidir. Putin bizə çoxlu cəfəngiyyat danışır". Tramp Ukraynaya silah tədarükünü bərpa etdiyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, ABŞ-nin Kiyevə silah tədarükünün bərpası münaqişənin diplomatik yollarla həllinə kömək etməyəcək. O xatırladıb ki, Vaşinqtonun əvvəllər Kiyevə silah tədarükünü dayandırmaq qərarından sonra ABŞ yenidən onların bərpası ilə bağlı bəyanatlar verib: “Bu cür addımların nəticələrini qiymətləndirmək qalır. Əminliklə demək olar ki, Ukraynaya silahların tədarükünün davamı, yumşaq desək, münaqişənin sülh yolu ilə həllinə kömək etmir, görünür, elə həmin dünya ictimaiyyəti, o cümlədən Qərb də indi hamını buna çağırır”.
Politoloq Azər Qasımov Sherg.az-a açıqlamasında deyib ki, Rusiya-Ukrayna müharibəsinin sadə həll yolu yoxdur. Ekspert vurğulayıb ki, tərəflərin razılığa gəlməsi və müharibəyə son verməsi hələlik mümkün deyil:
"Trampda da bu yəqinlik artıq hasil olur. Əslində, Tramp bunun belə ola biləcəyini öncədən bilirdi. Sadəcə deyirdi ki, Putin razılığa gəlməsə, Ukraynaya o qədər silah verəcək ki, Rusiyanı məğlub etsin. Amma buna kimi bir çox diplomatik yolları sınaqdan keçirdi. Putini tərifləməkdən tutmuş Zelenskini günahkar çıxarmağa kimi hər yolu yoxladı. Lakin Putin bundan sui-istifadə edib vaxt uzatmaq yolunu seçdi. Trampın da səbri tükəndi. Artıq Putinin pis adam olduğunu deyir. Ukraynaya yeni silahlar verir. Görünən odur ki, tərəflər arasında ola bilməyəcək sülh məsələsi gündəmdən qalxır".
A.Qasımov əlavə edib ki, məsələ o qədər mürəkkəbdir ki, tərəflərdən heç biri oyundan çıxa bilmir, yəni müharibəni dayandıra bilmir:
"Bu, hər iki tərəf və onların arxasındakı güclər üçün öldürücü olacaq. Tək onu qeyd etmək lazımdır ki, Çin Rusiyanın məğlub olmasını istəməməsini artıq açıq dilə gətirir. Bilir ki, bundan sonra növbə Çinə çatacaq. Trampın hələlik fikirlərinin ciddiliyinə çox da ehtimal vermək olmaz. O bunu Putinə təzyiq üçün də deyə bilər. Amma məsələdə Tramp üçün gec-tez yəqinlik hasil olacaq. Onda Rusiya-Ukrayna müharibəsi daha şiddətli xarakter alacaq, çünki Çin də bu oyuna daxil olacaq".