Tramp-Putin dostluğu bitdi, Ukraynaya yeni silah dalğası gəlir
ABŞ və Rusiya arasında diplomatiya dövrü bitdi – qarşıdurma hərbi fazadadır
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə Moskvanı vurmağı təklif edib. Tramp Zelenski ilə iyulun 4-dəki telefon danışığı zamanı Rusiyanın dərinliklərinə zərbə endirilməsi məsələsinə toxunub. Tramp Ukrayna liderindən Moskvanı vura biləcəklərinə dair xəbər alıb. Zelenski isə deyib ki, "əlbəttə, əgər silah verilsə, vura bilərlər". Məlumata görə, Tramp Zelenski ilə telefon danışığından bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə apardığı söhbətdən narazı qalıb. Tramp Ukraynaya uzaqmənzilli “Tomahavk” qanadlı raketləri göndərməyi nəzərdən keçirib. “Vaşinqton Post” qəzetinin köşə yazarı Devid İqnatius bildirib ki, Rusiya ərazisinin dərinliklərində hədəflərə çata bilən “Tomahavk” raketlərinin Kiyevə ötürülməsi məsələsi iyulun 11-də müzakirə edilib, lakin hazırda bu sursatlar tədarük siyahısına daxil edilməyib: “Lakin Tramp daha çox təsir rıçaqları əldə etmək istəsə, onlar sonradan Ukraynaya ötürülə bilər”. Ekspertlərin fikrincə, Trampın Ukrayna münaqişəsinin həlli üçün elan etdiyi 50 günlük müddət Rusiyaya Ukrayna ilə münaqişədə strateji üstünlük verəcək. Məlumata görə, bu müddət ərzində Rusiya qoşunları strateji logistika mərkəzi olan Pokrovsk istiqamətində hücum əməliyyatını genişləndirə biləcək. Onun Rusiyanın nəzarətinə keçməsi Moskvanın böyük qələbəsi olacaq və bütün Donetsk vilayətinin ilhaqını yaxınlaşdıracaq. Rusiya qoşunları Sum istiqamətində irəliləməyə davam edir və burada Kursk və Belqorod vilayətlərini Ukraynadan qorumaq üçün bufer zonası yaratmağa çalışır.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Rusiya Ukrayna müharibəsi yeni mərhələyə keçir. Ekspert bildirib ki, ABŞ Prezidenti D.Tramp Rusiya Prezidenti Putinlə telefon diplomatiyasının mənasız olduğunun fərqindədir:

"Trampın görüş təkliflərini Putin qəbul etmədi. Çünki Putinin təklifi Ukraynanın onun nəzarətinə verilməsi və fövqəldövlət kimi tanınmasıdır. Ötən gün Putin məhz SSRİ dağıldıqdan sonra, Rusiyanın kölgəyə çəkilib, güclənməyini gözləməklə, öz nüfuzunu bərpa edəcəyini qeyd etdi. Göründüyü kimi, Putinin Ukraynaya qarşı hərbi müdaxiləsi öz təsir zonasını yaratmaqla beynəlxalq gücə çevrilməsidir. Ona görə də bu kontekstdə ABŞ və Rusiyanın iki stulda oturması mümkün deyil. Tərəflər yalnız hərbi meydanda öz güclərini ortaya qoymağa məhkumdur. Altıncı telefon danışığından sonra Prezident Tramp Ukraynaya yeni hərbi yardımların göndərilməsinin zəruri olduğunu vurğuladı. Bununla da, Tramp və Putin "dostluğuna" son qoyuldu. Trampın bundan sonrakı hərbi yardımları, əvvəlki hərbi yardımlardan daha artıq nəzərdə tutulur. Həmçinin, Rusiyanın aktivlərinin ABŞ tərəfindən müsadirə edilərək, Ukraynaya silah tədarükü üçün istifadə edilməsi mümkün görünür. ABŞ senatında Rusiyaya sanksiyaların tətbiq edilməsi üçün qətnamənin qəbul edilməsi gözlənilir".
Siyasi şərhçi qeyd edib ki, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə gələrək bir həftə Ukraynada qalacaq:
"Proseslərin Rusiya üçün mənfi nəticələrinin olacağı gözlənilir. NATO Baş katibi M.Rutte ABŞ-yə səfər edib. Bununla da, Rusiya ilə ABŞ arasında diplomatik danışıqlar daha aktiv hərbi müstəviyə daşındı. Tramp Rusiyaya daha çox hərbi təzyiqlər etməklə, ilin axırına kimi danışıqlar masasında güzəştə məcbur etməyi hədəfləyir. Demək olar ki, Qərb Alyansı Rusiyaya qarşı birlik nümayiş etdirir. Qərbin artıq siyasi və hərbi cəhətdən Rusiyaya koalisiya formalaşdırması Rusiyanın strateji məğlub edilməsini qaçılmaz edir. ABŞ başda olmaqla, Avropa dövlətlərinin Rusiyaya qarşı artan hərbi təzyiqlərinə Çin etiraz edir. Hətta Çin Ukraynada Rusiyanın məğlub olmasını qəbul etməyəcəklərini elan edib. Bununla da, indiyə kimi neytrallığını saxlayan Çin Rusiyanın yanında siyasi cəhətdən yer aldığını ortaya qoydu. Çin müharibənin davam etməsində və ABŞ-nin qalib gəlməsində maraqlı deyil. Çünki növbəti hədəf Hind-Sakit okean periferyası olacaq. Təbii ki, Çin fəal şəkildə Rusiya ilə birgə Qərbə qarşı aktiv hərbi əməliyyatlarda iştirak etməyəcək. Çinin iqtisadiyyatı kifayət qədər Qərblə bağlıdır. Avropa İttifaqı və ABŞ Çinə iqtisadi sanksiyalar tətbiq edərsə, rəsmi Pekin Rusiyanı dəstəkləməkdən geri çəkilə bilər".