ABŞ–İran qarşıdurmasının əsas SƏBƏBLƏRİ – XRONOLOJİ TƏHLİL 

40 gün davam edən ABŞ (İsrail)–İran qarşıdurması suların durulmaq bilmədiyi Yaxın Şərqə yeni təhlükələr gətirdi. Bu qarşıdurma sadəcə üç dövlətin “hesablaşması” olaraq qalmadı, qlobal miqyasda nəticələri olan problemə çevrildi. Hətta problem o qədər dərinləşdi ki, 3 ölkənin qarşıdurmasına dünyanın digər ölkələri də gizli və ya açıq olmasından asılı olmayaraq, müxtəlif aspektlərdə daxil oldular, onlar da bu və ya digər formada problemin iştirakçısına çevrildilər.

Bəs bu qədər ciddi nəticələri olan münaqişə, ABŞ və İran gərginliyi nədən doğdu?

Öncə qeyd edək ki, İran və ABŞ XX əsrdə (Pəhləvi zamanında) müttəfiq idilər. 1950-ci illərdə Soyuq Müharibə başlayanda Vaşinqton neft istehsal edən Yaxın Şərqə böyük önəm verirdi. İran şahı Sovet sərhədlərində kommunizmin yayılmasına qarşı uğurlu müttəfiq sayılırdı. Vaşinqton şaha güvənir, onun Sovet təsirinə qarşı tab gətirməsi üçün dəstəkləyir və əlini gücləndirirdi.

Ancaq çox keçmədi ki, şahın ölkə daxilindəki nüfuzu azaldı, əvəzində Şah ölkə daxilində getdikcə populyarlığını itirirdi və baş nazir Məhəmməd Musəddiqin xalq arasında reytinqi artdı. Musəddiq prinsipcə İranın neytral siyasət izləməsini istəyir, ABŞ-ın tərəfini tutmamağa, SSRİ və ABŞ arasındakı Soyuq Müharibədə ölkəsinin bitərəf qalması siyasətini izləməyə çağırırdı. O, eyni zamanda İran nefti üzərində Qərbin təsirinin azaldılmasını və nefti milliləşdirməyi hədəfləyirdi. Bu isə ABŞ-da xoş qarşılanmırdı. Nəticədə, 1953-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İranın Britaniyaya məxsus neft şirkətini milliləşdirən və Soyuq Müharibədə neytral mövqe istəyən Baş nazirin devrilməsinə kömək etdi. Bu İran xalqının hiddətinə səbəb oldu və ölkə daxilində ABŞ-a qarşı nifrəti körüklədi. Həmçinin şahın da nüfuzunu ciddi şəkildə zədələdi. 

Cəmi 26 il sonra isə, İranda şah rejimi devrildi. 1979-cu hakimiyyətə gələn islam inqilabçıları ABŞ-I faktiki düşmən elan etdilər. Hətta Xomeyninin ən yaxınlarından olan, ondan sonra İranın ali dini lideri olan Əli Xamenei müsahibələrinin birində müvafiq suala “İranın ən böyük düşməni ABŞ-dır” cavabını vermişdi. İnqilabçılar CIA-nı şahın gizli polis qüvvələrini hazırlamaqda ittiham etdilər və regionda Qərb imperializminə qarşı mübarizə aparacaqlarına söz verdilər. Onlar Amerikanı “Böyük Şeytan” adlandırırdılar.

ABŞ səfirliyinin ələ keçirilməsi, onlarla diplomat və əməkdaşın bir ildən çox girov saxlanılması isə ABŞ-la müttəfiqliyi bitirən sonuncu damla oldu. 

Bununla da bitmədi. İran inqilabçıları ideyalarını bütün regiona yaymaq istəyirdilər. Yeni İran hökuməti İslam İnqilabını şiə müsəlmanlara və İsrailə qarşı çıxan qruplara daşıyırdı. İran İsraili Yaxın Şərqdə müsəlmanları sıxışdıran Qərb imperializminin əsas siması hesab edir, onu “şeytani əməllər”də ittiham edirdi.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 1980-ci illərin əvvəlində Livanda Hizbullah təşkilatını yaratdı. ABŞ həmin qrupun 1983-cü ildə Beyrutdakı ABŞ səfirliyinə və dəniz piyadalarının kazarmasına hücum etdiyini, əsasən amerikalılar olmaqla təxminən 300 nəfərin ölümünə səbəb olduğunu bildirdi.

Digər tərəfdən İraq 1980-ci ildə İrana hücum etmişdi və 1982-ci ildən etibarən İran əsgərlərinə və sərhəd kəndlərinə qarşı kimyəvi silahdan istifadə etməyə başlamışdı. Buna baxmayaraq, Vaşinqton müharibə zamanı Bağdada diplomatik dəstək verdi. 

İran və ABŞ arasında müttəfiq əlaqələr bitdikdən sonra soyuq münasibətlər hökm sürürdü. Ancaq cəmisi 9 il sonra bu iki dövlət bu gün də davam edəcək düşmən münasibətlərə daxil oldular. Səbəb sadə idi: 1988-ci ildə ABŞ hərbi gəmisi səhvən (?) İran sərnişin təyyarəsini vurdu və nəticədə 290 nəfər öldü.

1990-cı ildən sonra gərginlik müəyyən qədər azaldı. ABŞ diqqətini Küveytin işğalından sonra İraqa yönəltdi, İranda isə 1997-ci ildə Qərblə münasibətləri yaxşılaşdırmağa çalışan islahatçı şəxs – Məhəmməd Xatəmi prezident seçildi.

Ancaq bu mülayim münasibətlər çox çəkmədi. ABŞ növbəti dəfə İrandakı rejimi hiddətləndirəcək addım atdı. Belə ki, 2000-ci illərin əvvəlində ABŞ prezidenti Corc Buş İranı İraq və Şimali Koreya ilə birlikdə “Şər Oxu”nun bir hissəsi adlandırdı və bu, İranda böyük qəzəb doğurdu. 2002-ci ildə İranın gizli nüvə proqramı üzə çıxdı. 2003-cü ildə ABŞ rəhbərliyində İraqa müdaxilə isə iki ölkəni şiələrin çoxluq təşkil etdiyi İraqda nüfuz uğrunda mübarizədə qarşı tərəflərə çevirdi.

Abş və iran yaxin şərqdə kimləri dəstəkləyir?

Son qarşıdurmanı nəzərə almasaq, ABŞ–İran rəqabəti çox vaxt Yaxın Şərqdə tərəflərin müttəfiqləri və ya proksi qüvvələri arasında baş verən münaqişələrdə özünü göstərib. 

İran Hizbullahdan başqa, İraqda ABŞ qüvvələrinə hücum edən şiə silahlı qruplarını, Qırmızı dənizdə beynəlxalq gəmiçiliyə hücum edən Husiləri və Fələstinin HƏMAS qruplaşmasını dəstəkləyir. ABŞ isə İranın əsas regional rəqibi olan İsrailin başlıca dəstəkçisidir. Vaşinqton eyni zamanda sünni Körfəz monarxiyalarının yaxın müttəfiqidir. Bu ölkələr uzun illər İranı əsas regional təhlükə hesab edirdilər. Əslində indi də ərəblər və İran arasında münasibətlər yaxşı sayılmır. Səudiyyə Ərəbistanı və digər sünni dövlətlər Tehranla münasibətləri yumşaltsalar da, hələ də ehtiyatlı davranırlar və ABŞ-ın İrana mümkün hücumlarının onlara qarşı cavab tədbirləri ilə nəticələnəcəyindən qorxurlar. Necə ki, 40 günlük qarşıdurmalarda bu qorxu real oldu. 

İranın gizli şəkildə uranı zənginləşdirməsi barədə məlumatların ortaya çıxması onun nüvə proqramını ABŞ-ın əsas hədəfinə çevirdi. Uran zənginləşdirilməsi atom elektrik stansiyaları üçün yanacaq istehsalında istifadə olunsa da, eyni zamanda nüvə bombası üçün lazım olan materialın hazırlanmasına da imkan verir. Qərb ölkələri İranın nüvə proqramı ilə bağlı uzun illər davam edən danışıqlar fonunda sanksiyaları gücləndirdilər.

İran proqramın tamamilə mülki məqsəd daşıdığını və uranı zənginləşdirmək hüququna malik olduğunu bildirir. ABŞ və müttəfiqləri isə İranın proqramının mühüm hissələrini gizlətdiyini və nüvə bombası hazırlamaq istədiyini düşünür.

2015-ci ildə İran və ABŞ daxil olmaqla altı böyük dövlət Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində bəzi sanksiyaların yüngülləşdirilməsi barədə razılığa gəldilər. Lakin ABŞ prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxdı.

İsrail ABŞ–İran münaqişəsinin harasındadır?

İsrail İranı ən təhlükəli düşməni adlandırır. Təsadüfi deyil ki, İsrail hər fürsətdə İrana qarşı zərbələr endirir, ya da ABŞ-a bu məsələdə dəstək verir. Belə bir hücum böyük ehtimalla ABŞ-ın razılığı olmadan mümkün olmazdı və bu da Vaşinqtonu Tehranla birbaşa münaqişəyə sürükləyir.

İsrail İranın nüvə proqramına qarşı gizli hücumlarda — o cümlədən Stuxnet kompüter virusunun yayılmasında və nüvə alimlərinin qətlə yetirilməsində — iştirakda ittiham olunur. İsrail bunu nə təsdiqləyib, nə də təkzib edib.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan və Qəzzada müharibənin başlamasından sonra gərginlik daha da artıb.

Bütün bunları bildikdən sonra nəzərə almaq lazımdır ki, İsrail ABŞ-ın regiondakı əsas müttəfiqi, onun maraqlarının təmin olunmasında əsas oyunçudur. Bu səbəbdən, ABŞ İsrail faktorunu da İrana qarşı addımlarında əsas səbəblərdən biri kimi göstərir. 

ABŞ niyə İrana müdaxilə variantını üstün tutdu? 

İran İslam Respublikası həm daxildə, həm də xaricdə çoxsaylı problemlərlə üzləşir. Son etirazlar rejimin 2009-cu ildən bəri qarşılaşdığı ən ciddi aksiyalar sayılır və hakimiyyətin öz xalqı arasında nə qədər qeyri-populyar olduğunu göstərir. İranın problemləri onun gücünü məhdudlaşdırır və təsirini zəiflətmək üçün imkanlar yaradır. Hətta etirazçılar rejimi devirə bilməsələr belə, ABŞ və müttəfiqləri anlamalıdır ki, İranın xarici siyasəti siyasi hakimiyyət strukturu, iqtisadiyyatı, ordusu və diplomatik mövqeyi baxımından kövrək və həssasdır. Bu zəifliklər İranın nüfuzunu azaldacaq, daxili çəkişmələri artıracaq və rejimin xaricdə təsirini genişləndirməsini çətinləşdirəcək. Əgər düzgün idarə olunmasa, bu problemlər yeni daxili narazılıqlara da səbəb ola bilər. Düzdür İran daxilində rejimi dəstəkləyən xeyli sayda insan olsa da, etiraza meyilli rejimdən narazıların olması rəsmi Tehranı xarici siyasətdə ehtiyatlı davranmağa sövq edirdi. Nəzərə almaq lazımdır ki, xarici siyasət daxili siyasətin davamıdır. 

İranın ən böyük problemlərindən biri seçkilərlə güclü Ali Rəhbər institutunu birləşdirən qeyri-adi və çox vaxt çətin idarə olunan ikili idarəetmə sistemidir. Ali Rəhbər İranın qərarvermə prosesinə veto qoymaq səlahiyyətinə malikdir, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH), məhkəmə sisteminə və dövlət televiziyasına rəhbərlik edir. Ümumiyyətlə bu ölkənin daxili siyasətində ciddi qarışıqlıq və ziddiyyətlər var. 

İran iqtisadiyyatı da həssas olaraq qalır. Son etirazlar əvvəlcə iqtisadi problemlərlə bağlı başlamış, sonra siyasi xarakter almışdı. Sanksiyalar ləğv olunmadan əvvəl iqtisadiyyat kiçilirdi, lakin sanksiyaların yumşaldılması — əlavə ixrac imkanları və dondurulmuş aktivlərin açılması — vəziyyəti qismən yaxşılaşdırdı. Son illərdə iqtisadi artım təxminən 7 faizə çatıb və inflyasiya sabitləşib.

Buna baxmayaraq, İran iqtisadiyyatı korrupsiya və idarəetmə problemləri ilə doludur. SEPAH və müxtəlif dini fondlar iqtisadiyyatın böyük hissəsinə nəzarət edir, bu isə rəqabəti boğur və islahatları çətinləşdirir. İran neftinin aşağı qiymətə satılması isə bu struktur problemləri daha da ağırlaşdırır.

Eyni zamanda, əhalinin rifahla bağlı gözləntiləri son illərin ən yüksək səviyyəsindədir. Sanksiyaların ləğvi gəlirlərin artacağı və iqtisadi problemlərin azalacağına dair ümid yaratmışdı. Bu isə rejimin problemlərə görə ABŞ və digər xarici düşmənləri günahlandırmaq imkanını azaldıb.

Digər tərəfdən İran ordusunun imkanları ona zərbə endirən ABŞ-ın hərbi imkanlarına nisbətən qısıtlıdır. 

Tehranın sərhədlərindən kənarda böyük miqyaslı klassik hərbi güc tətbiq etmək imkanı yoxdur. ABŞ ordusu isə İran sərhədlərinə qədər bir çox ərazidə artıq əməliyyat təcrübəsinə sahiblənib. İranın quru və hava qüvvələri zəif vəziyyətdədir. Sanksiyaların yumşaldılmasından sonra daha müasir hava müdafiə sistemləri əldə etsə də, silah sistemlərinin çoxu köhnədir. İran yalnız məhdud şəkildə Rusiya və Çindən qabaqcıl silah sistemləri, Şimali Koreyadan isə bəzi raket texnologiyaları əldə edə bilir.

Tehranın “yumşaq gücü”nün də sərhədləri var. İran özünü həmişə daha geniş islam müqavimət blokunun lideri kimi təqdim edib, baxmayaraq ki, həm etnik baxımdan (fars), həm də dini baxımdan (şiə dövləti) fərqlənir. 1979-cu il inqilabından sonra rəqibləri, xüsusilə Səudiyyə Ərəbistanı, İranın şiə kimliyini ön plana çəkərək onun legitimliyini zəiflətməyə çalışdı və bu məzhəb bölgüsünü vurğulayan dini təbliğatçılara dəstək verdi.

İran bu azlıq statusunu aşaraq HƏMAS vəs. kimi mühüm sünni qruplarla əlaqələr qurdu. Beləcə, İsrailə, ABŞ-a qarşı mövqeyi ilə müsəlman cəmiyyətlərində dəstək qazandı. Lakin 2003-cü ildən sonra İraqdakı şiə-sünni qarşıdurması və xüsusilə 2011-ci ildən sonra Suriyada İranın Bəşər Əsəd rejiminə verdiyi dəstək Tehranın daha məzhəbçi aktor kimi görünməsinə səbəb oldu.

İranın az sayda dostu və ya dəstəkçisi var. Suriyada Əsədin devrilməsi ilə yaxın müttəfiqini itirib, İraqda ciddi qarışıqlıq var. Pakistan və Türkiyə ilə münasibətlər yaxşı olsa da, yaxın dostluq səviyyəsində deyil.

İran Rusiya ilə Suriyada əməkdaşlığı artırsa da, bu münasibətlər əsasən taktiki xarakter daşıyır və gələcəkdə zəifləyə bilər. Çinlə münasibətlər də daha çox qarşılıqlı maraqlara əsaslanır. Ümumilikdə isə İran müsəlman dünyasının böyük hissəsində sevilmir və təhlükə ilə üzləşəndə ona yardım etməyə hazır olan ölkələrin sayı azdır. Sadəcə Çin daha etibarlı dəsətkçi kimi görünür, ABŞ isə müəyyən güzəştlərlə Pekini neytrallaşdırmaq imkanlarına sahibdir. 

İranın bütün bu zəiflik və boşluqları ABŞ-ı İrana qarşı əməliyyatların uğurlu olmasına inandırmış olmalıdır. Bu çətin qərar verilərkən Ağ Ev bütün bu reallıqları özünün üstünlüyü kimi dəyərləndirmiş, İranı sıradan çıxaracağına inanmışdı. Əslində yanlış hesablamış sayılmırlar, ancaq əskik hesablamalar var deyə bilərik. 

İranın müqavimət imkanlarını artıran faktorlar nədir? 

Ən önəmlisi odur ki, ABŞ İran xalqını düzgün dəyərləndirməyib, onun milli və tarixi kimliyi barədə gəlinən nəticələr, aparılan hesablamalar yanlış oldu. Çünki ABŞ İrandakı etirazçıların zərbələrdən sonra rejimi devirəcəyini gözləyirdi. Ancaq zərbələrdən sonra meydanlara sadəcə rejimi dəstəkləyənlər axışdı. Etirazçılardan əsər-əlamət olmadı. Etirazçıların yarısı qorxu faktoruna görə meydanda deyildilərsə, yarısı da sırf “Şeydan ABŞ, şeytan İsrail” yanaşmasına görə evlərində qaldılar. Çünki onların istəyi İanda rejimin dəyişməsidir, ölkələrinin digər imperialistlərin “tabeliyinə” girməsi, ən azından onların qurbanlarından birinə çevrilməsi deyil. Tarixi və milli-dini kodlar İran xalqını “yadellilərin oyunu”na gəlməyə imkan vermədi. Çünki heç bir imperial maraq daxil olduğu ölkənin xalqına xoşbəxtlik aparmır, sadəcə öz maraqlarını düşünür. 

Digər tərəfdən İran kimi güclü ölkənin ABŞ-la qarşıdurmada müqavimət göstərməsi Çin və Rusiya kimi ölkələrin maraqlarının tam təminatıdır. Ona görə də bu iki ölkə İranda müqavimətin qırılmasına, rejimin dəyişməsinə maraqlı olmadıqları kimi, onu bacardıqları qədər də dəstəkləyirdilər. İrana dəstək o zaman geri çəkilərdi ki, ABŞ Rusiya və Çinin istəklərinə “hə” desin. Ancaq bu, ağlabatan olmazdı. Elədirsə, onda ABŞ-ın İrana müdaxiləsinin mənası qalmazdı. Çünki ABŞ-ın İrana qarşı hücumlarda məqsədi həm də Rusiya və Çin kimi rəqiblərinə güc verən, dəstək verən İranı öz tərəfinə çəkmək, ən azından Moskva və Pekinə qarşı Tehranı neytrallaşdırmaq idi. 

İranın raket imkanlarının, həmçinin digər hərbi imkanlarının düzgün hesablanmadığı da görünür. İsrail şəhərlərinin, ABŞ-ın digər müttəfiqlərinin, hətta öz bazalarının ciddi qorunmasına baxmayaraq zərərlər alması bunu sübut edir. 

Nəticə

ABŞ–İran qarşıdurması, əsasən, bu səbəblədən doğdu: 

• ABŞ istəyir ki, Yaxın Şərqdə öz təsiri və müttəfiqlərini qorusun. 

• İran isə ABŞ-ın bölgədəki dominant roluna qarşı çıxır. 

• ABŞ İranın nüvə silahı əldə etməsindən, raket proqramından qorxur. 

• İran düşünür ki, ABŞ onu özündən asılı hala salmaq istəyir. 

• Hər iki tərəf bir-birini bölgədə sabitsizlik yaratmaqda ittiham edir.

• ABŞ İranın Rusiya və Çin ilə əlaqələrini təhlükə görür, bunu dəyişdirmək istəyir.

• İran isə ABŞ-dan tam çəkilməsini və bölgənin dominan ölkəsi olmağı hədəfləyir.

Səbəblərin sayını artırmaq olar. Ancaq əsas strateji səbəblərdən bunlardır və digərləri bu əsas səbəblərdən doğur.

Hərbi-siyasi ekspert Həşim Səhrablı