ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Ro Khanna milyarder iş adamı Elon Mask barəsində araşdırma aparılmasına çağırıb.
Sherg.az xəbər verir ki, Kaliforniyadan olan konqresmen ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətinin məhdudlaşdırılması nəticəsində dünyada 4,5 milyon uşağın həyatı risk altına düşə biləcəyini qeyd edib. Onun sözlərinə görə, Demokratlar gələcəkdə Konqresin hər iki palatasında çoxluq əldə edəcəkləri təqdirdə Maskın fəaliyyətinə hüquqi-siyasi qiymət verilməsini tələb etməlidirlər.
Ro Khanna iddia edib ki, Maskın fəaliyyəti nəticəsində minlərlə yeni milyonçu meydana gəlsə də, milyonlarla uşağın taleyi təhlükə altına düşüb.
Məlumata görə, demokrat siyasətçilər və bəzi media qurumları Maskın tənqidini onun rəhbərlik etdiyi SpaceX şirkətinin rekord göstəricilərdən sonra dəyərinin kəskin artması və iş adamının dünyanın ən varlı şəxsi statusunu möhkəmləndirməsindən sonra yenidən gündəmə gətiriblər.