ABŞ Kubaya qarşı 1996-cı il hadisələri ilə bağlı yeni iddialar irəli sürür

ABŞ Ədliyyə Nazirliyi 1996-cı ildə baş verən və 4 ABŞ vətəndaşının ölümü ilə nəticələnən hadisə ilə bağlı dosyanı yenidən açıb və məsuliyyət məsələsini yenidən gündəmə gətirib.

Sherg.az xəbər verir ki, məlumata görə, ABŞ Ədliyyə Nazirliyi 24 fevral 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələri tərəfindən iki silahsız təyyarənin vurulması hadisəsini araşdırır. Hadisə nəticəsində ABŞ-a məxsus “Brothers to the Rescue” təşkilatına aid 4 nəfər həyatını itirmişdi.

ABŞ rəsmiləri keçmiş Kuba lideri Raul Kastronın həmin hadisədə məsuliyyət daşıya biləcəyini iddia edirlər. Məsələ ilə bağlı mümkün ittihamların hüquqi və siyasi nəticələri müzakirə olunur.

ABŞ tərəfi hadisənin beynəlxalq hüquq çərçivəsində yenidən qiymətləndirildiyini bildirir və 1996-cı il insidentinin insan hüquqları pozuntusu kimi araşdırıldığını qeyd edir.

Digər tərəfdən, ekspertlər bu addımın həm siyasi təzyiq, həm də Kuba rəhbərliyinə qarşı diplomatik gərginliyi artırmaq məqsədi daşıya biləcəyini bildirirlər.