DEM Partiyanın İmralı heyəti bu gün Parlamentdə MHP (Milliyyətçi Hərəkat Partiyası) sədri Dövlət Baxçalı ilə görüşəcək. “Terrorsuz Türkiyə” prosesi çərçivəsində keçiriləcək bu görüş Ankara siyasi gündəminin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir.
Sherg.az xəbər verir ki, partiyadan verilən məlumata görə, heyətin üzvləri - Pərvin Buldan, Mithat Sancar və Faik Özgür Erol - saat 14:00-da TBMM-də Bahçelini ziyarət edəcəklər. Görüşdən əvvəl heyət DEVA Partiyasının sədri Ali Babacanla da görüş keçirəcək.
Proseslə bağlı dünən daha bir vacib addım atılıb. MHP hazırladığı “Terrorsuz Türkiyə” hesabatını tamamlayaraq Parlamentə təqdim edib. 120 səhifəlik sənəddə məsələnin hüquqi və siyasi tərəfləri ilə bağlı geniş analizlərin yer aldığı bildirilir.
MHP sədrinin hüquq işləri üzrə müavini Feti Yıldız açıqlamasında deyib:
“Hüquqi baxımdan görüləcək işlər təşkilatın tamamilə dağıdılmasından asılıdır.”
Yıldız əlavə edib ki, sənəddə əsasən siyasi qiymətləndirmələrə üstünlük verilib.