Avropa İttifaqı dağılır - Orban

“Avropa İttifaqı (Aİ) dağılma vəziyyəti ilə üzləşib, ciddi yenidənqurma aparılmasa, mövcudluğunu dayandıra bilər”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Avropa İttifaqı hazırda dağılma vəziyyətindədir. Baş verənlər dezinteqrasiya prosesidir və bu, Brüssel bürokratiyasının imperiya qurmaq istəyinin güclənməsi ilə müşayiət olunur. Bir ittifaq məhz belə dağılır: Brüssel qərarlar qəbul edir, amma onlar icra olunmur. Əvvəl bir ölkə bu qərarları yerinə yetirmir, sonra iki, sonra üç ölkə...”, - o bildirib.

Orban qeyd edib ki, Aİ-də qərar qəbul edən şəxslər daim geri çəkilməyə məcbur olurlar: “Bu, ağır atletin ştanqı sinəsinə qaldırıb ayağa qalxa bilməməsi, sonda onu yerə salmasına bənzəyir”.

Macarıstan lideri iddia edib ki, Aİ daim dövlətlərin suverenliyini məhdudlaşdırır, amma əldə etdiyi səlahiyyətlərdən istifadə edə bilmir:

“Bu gün Brüsseldə hökm sürən xaos məhz budur. Əgər sürətli və dərin yenidənqurma aparılmasa, dağılma müəyyən bir nöqtəyə çatacaq və artıq geridönüş mümkün olmayacaq”.