NATO-nun aparıcı ölkələri hələlik ehtiyatlı mövqe sərgiləsə də, İranın hərbi-siyasi imkanlarının zəifləməsi halında, Vaşinqtonun yanında yer ala bilərlər
Yaxın Şərq regionu İran, ABŞ və İsrail arasında artan gərginlik səbəbindən müharibə ocağına çevrilib. İran ordusu ABŞ-nin Körfəz ölkələrindəki bazalarını bombalamaqla yanaşı, İsrailin “Dəmir Qübbə” sistemini də yararsız hala salıb. Ötən gün İsrailin Arad və Dimona şəhərlərinin bombalanması əhali arasında çoxsaylı itkilərə səbəb olub. Gərgin proseslər Hörmüz boğazına da təsirsiz ötüşmür. Rəsmi Tehran ABŞ və İsrail istisna olmaqla, bütün gəmilərin Hörmüz boğazından keçməsinə icazə verdiklərini açıqlayıb. ABŞ prezidenti boğazın açılması ilə bağlı İranın qarşısına 48 saat vaxt qoyub. Əks təqdirdə İranın elektrik stansiyalarını hədəf alacağını bildirib. İranın Müdafiə Şurası isə ABŞ-ni Fars körfəzindəki bütün dəniz yollarını minalamaqla hədələyib. Bundan sonra Tramp, İranın enerji obyektlərinə zərbələri beş gün müddətinə təxirə saldığını açıqladı. ABŞ liderinin ziddiyyətli açıqlamaları, müharibənin gedişatını şübhələr altına salır. Yaxın Şərq böhranı Vaşinqtonun, müttəfiqləri ilə münasibətlərində problemlər yaradıb. NATO ölkələrinin müharibəyə qoşulmaqdan imtina etməsi Trampın sərt reaksiyasına tuş gəldi. Bundan sonra təşkilatın baş katibi Mark Rütte əksəriyyəti NATO üzvləri olmaqla, 22 ölkənin Hörmüz boğazında sərbəst hərəkətin təmin olunması üçün birləşdiyini açıqladı. İrana qarşı yaradılmış koalisiyanın hücuma başlayıb-başlamayacağı hələ ki, sual altındadır.
Mövzu ilə bağlı politoloq Əli Mustafa Sherg.az-a bildirib ki, tərəflər arasındakı proseslər yüksək gərginlik şəraitində davam edir:

“Gərginliyi yumuşaltmaq üçün vasitəçi ölkələr yoxdur. BMT sadəcə prosesləri müşahidə etməklə məşğuldur. Region ölkələrin münaqişəyə qoşulması an məsələsidir. Vaxtilə tərəflər arasında vasitəçilik edən Türkiyə, Qətər və Oman hazırda İrana qarşı toplantı keçirərək cavab tədbirləri ətrafında müzakirə aparırlar. Trampın Hörmüz boğazı ilə bağlı hədəsi sərt olsa da, İran rəsmilərinin açıqlamaları onların güzəştə getməyəcəyini göstərir. Hətta, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin hərəkətlərini BMT-də pisləmək üçün məktub göndərib. İranın 48 saat ərzində, Hörmüz boğazını açacağına inanmıram. Onsuz da rəsmi Tehran, boğazın ABŞ və İsrail istisna olmaqla digər ölkələrə açıq olduğunu bildirir”.
Politoloqun sözlərinə görə, ABŞ Yaxın Şərqə minlərlə dəniz piyadası və donanma heyəti yerləşdirir:
“Bölgədə 13 min ABŞ piyada dəstəsinin də olduğunu nəzərə alsaq, yerüstü əməliyyatların başlanması qaçılmazdır. Əgər İran 48 saat ərzində Hörmüzün qapılarını ABŞ və İsrailin üzünə açmazsa, ölkənin bütün enerji və elektirik sistemləri sıradan çıxarıla bilər. Hazırki şəraitdə, İranın kifayət qədər hərbi və mülki infrastrukturu məhv edilib. Hücumların enerji obyektlərini də əhatə etməsi, İranı ciddi dağıntılarla üz-üzə qoyacaq. Digər tərəfdən isə İsrail və ABŞ İranın raket, dron arsenalını tamamilə məhv etməkdə çətinlik çəkir. Əgər tərəflər konvensional silahlarla üstünlük qazana bilməsə, son mərhələdə nüvə silahına əl ata bilərlər. Təəssüf ki, dünya ictimaiyyəti yenə də prosesləri tamaşaçı kimi izləməklə kifayətlənir”.
Ə. Mustafa bildirib ki, Mark Rütte NATO-nun 22 üzv dövlətinin ABŞ-yə dəstəyini qeyd etməklə, optimist mövqe sərgiləyir:
“NATO ölkələri, xüsusilə Almaniya, Fransa və Britaniya bu məsələdə vahid mövqedən çıxış etmirlər. Yəni təşlilat daxilində prərakəndəlik var. NATO-nun aparıcı ölkələri hələlik ehtiyatlı mövqe sərgiləsə də, İranın hərbi-siyasi imkanlarının zəifləməsi halında, Vaşinqtonun yanında yer ala bilərlər. Çünki NATO ölkələri müharibə meydanında güclü rəqiblə qarşılaşmaq istəmirlər. Onların Hörmüz boğazı ilə bağlı maraqları münaqişəyə qoşulma ehtimalını artırsa da, hazırkı şəraitdə hərbi müdaxilədən çox məsələnin diplomatik müstəvidə həllinə üstünlük verirlər. İran Avropa ölkələri üçün də ciddi təhlükə mənbəyinə çevrilib. Çünki İranın 4 min kilometrə qədər uça bilən raketlərə malik olduğuna dair məlumatlar var. İran bu raketlərlə Avropanın mərkəzi şəhərlərini belə asanlıqla hədəfə ala bilər. Mövcud güc balansı fonunda, Avropa və NATO ölkələrinin İrana müdaxiləsi gözlənilmir”.