Mərkəzi Afrika Respublikasının (CAR) Xüsusi Cinayət Məhkəməsi ölkənin sabiq prezidenti Fransua Bozizeyə qarşı insanlığa qarşı cinayətlər ittihamı ilə qiyabi məhkəmə prosesinə başlayıb.
Oxu.Az AFP agentliyinə istinadən xəbər verir ki, ittihamlar 2009-cu ilin fevralından 2013-cü ilin martınadək Bossembele şəhərində yerləşən mülki həbsxana və hərbi təlim mərkəzində törədildiyi iddia olunan qətllər, işgəncələr və zorlamalarla bağlıdır.
Hazırda 79 yaşlı Fransua Bozize 2023-cü ilin mart ayından etibarən Qvineya-Bisauda sürgündə yaşayır və məhkəmə prosesində iştirak etmir. Onun maraqlarını vəkil təmsil edir. Bozize barəsində 2024-cü ilin fevralında beynəlxalq həbs orderi çıxarılıb.
Fransua Bozize 2003-cü ilin martında dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlib, 2005-ci ildə prezident seçilib və 2011-ci ildə yenidən bu vəzifəyə seçilib. O, 2013-cü ildə əsasən müsəlmanlardan ibarət "Seleka" üsyançı koalisiyası tərəfindən devrilib və bu hadisə ölkədə vətəndaş müharibəsinin daha da kəskinləşməsinə səbəb olub.
2020-ci ilin sonunda Bozize Prezident Fosten-Arkanj Tuaderaya qarşı çıxan Dəyişikliklər Uğrunda Vətənpərvərlər Koalisiyasına rəhbərlik edib. Koalisiya Banqi şəhərinə hücuma başlasa da, geri oturdulub. Daha sonra, 2022-ci il sentyabrın 22-də CAR məhkəməsi sabiq prezidenti qiyabi qaydada ömürlük məcburi əməyə məhkum edib.