Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında Fars körfəzi bölgəsində gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin X sosial şəbəkəsində yaydığı açıqlamaya görə, telefon danışığı zamanı tərəflər regiondakı son vəziyyət və gərginliyin azaldılmasına yönəlmiş diplomatik təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud Ər-Riyadın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə vermək məqsədilə fəal rolunu davam etdirmək niyyətində olduğunu vurğulayıb.
Bəyanatda qeyd olunub ki, bu səylər region ölkələri və xalqlarının ümumi maraqlarına xidmət etməlidir.