Türkiyə prezidenti Ərdoğan İsrailin ölüm hökmünü yalnız fələstinli məhbuslara tətbiq etmək qərarının "aparteid"ə (irqi ayrı-seçkilik) bərabər olduğunu və qanunu irqçi faşizm alətinə çevirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bunu R.T.Ərdoğan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Qadın Qollarının 9-cu Toplantısındakı çıxışında bildirib.
Onun sözlərinə görə, İsrail 1994-cü ildə Cənubi Afrikada devrilmiş aparteid rejimindən daha pis bir sistem tətbiq edir: "İsrail parlamentinin fələstinli məhbuslara ölüm hökmü tətbiq etmək qərarı əslində Hitlerin yəhudilərə qarşı siyasətindən fərqlənmir".
Ərdoğan təəssüflə qeyd edib ki, bir müharibə digərinin başlanğıcını qoyur: "Bunun yükünü adətən qadınlar və günahsız uşaqlar daşıyır. İsrail tərəfindən Qəzzada vəhşicəsinə qətlə yetirilən 72 mindən çox mülki şəxsin böyük əksəriyyəti qadınlar və uşaqlar idi. Eynilə, qonşumuz Suriyada da 13,5 illik vətəndaş müharibəsində ən yüksək bədəli qadınlar və uşaqlar ödəyib. Digər qonşumuz İrana edilən hücumların ilk qurbanları arasında qadınlar və uşaqlar da olub. Müharibənin ilk günlərində Minabda bir məktəbə edilən hava hücumunda 165-dən çox günahsız uşaq həyatını itirib.Atəşkəsə baxmayaraq, İsrailin Livana qarşı bombalaması və işğal siyasəti yenə də ən çox qadın və uşaqları qurban verib. Bunu nəzərə alın: 2 martdan bəri İsrailin mülki yaşayış məntəqələrinə hücumları səbəbindən 1,2 milyon livanlı evlərini tərk etmək məcburiyyətində qalıb. Bu hücumlarda 1500-dən çox livanlı qardaşımız və bacılarımız həyatını itirib, 4700-ü isə yaralanıb. Atəşkəs elan edildiyi gün İsrail 254 livanlını vəhşicəsinə qətlə yetirib." "Qan və nifrətlə kor olan bu soyqırım şəbəkəsi, bütün insani dəyərləri və bütün qayda və prinsipləri görməzdən gələrək, günahsız uşaqları, qadınları və mülki şəxsləri öldürməyə davam edir".