Fidan Liviyada böhrandan çıxış yollarını müzakirə edib

Liviyanın şərqində fəaliyyət göstərən Nümayəndələr Palatasının sədri Aqilə Saleh və Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkədəki böhranın həlli yollarını və regiondakı vəziyyəti müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Liviya Nümayəndələr Palatasının rəsmi nümayəndəsi Abdulla Blihaq məlumat verib.

Bildirilib ki, Aqilə Saleh görüş zamanı Liviya böhranının dövlət institutlarının birləşdirilməsi, həmçinin xalqın iradəsini əks etdirəcək prezident və parlament seçkilərinin keçirilməsi yolu ilə həllinin vacibliyini vurğulayıb.

Tərəflər, həmçinin Türkiyə-Liviya münasibətlərini, onların inkişaf etdirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Nümayəndələr Palatasının sədri Liviyanın İnkişaf və Yenidənqurma Fondunun iştirakı ilə ölkə şəhərlərində həyata keçirilən bərpa və quruculuq layihələrinə dəstəyini ifadə edib. Aqilə Saleh Türkiyə şirkətlərinin Liviyanın şərq və cənub bölgələrində həyata keçirilən bu layihələrdə iştirakını alqışlayıb.

Görüş Benqazidə keçirilib. Hakan Fidan bundan əvvəl Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla danışıqlar aparıb.

Türkiyənin xarici işlər naziri Liviyaya iki günlük rəsmi səfər edib. Bu, Hakan Fidanın Benqaziyə ilk səfəridir.